Təhsil Nazirliyinin qərarı ilə 15 sentyabrdan məktəb və universitetlərin ənənəvi şəkildə açılması planlaşdırılır. Bəs, bu barədə paytaxt sakinləri nə düşünür. Həqiqətənmi, pandemiya şəraitində dərslərin açılması vacibdir? Bu barədə SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Həmin sorğunu sizə, təqdim edirik.
Paytaxt sakini Sədaqət Vəlizadə: "Bir nənə kimi deyə bilərəm ki, məktəblərin açılması qərarına sevindim. Çünki məktəblərin açılması uşaqların təhsilə davam etməsinə imkan verəcək. Onlayn təhsildənsə, ənənəvi təhsilin daha effektiv olduğunu düşünürəm. Böyüklər kimi uşaqlar da bu karantindən bezib. Odur ki, düşünürəm, məktəblərə gedib-gəlmək uşaqların həm daha keyfiyyətli təhsil almalarını, həm də sosiallaşmalarını təmin edəcək".
Paytaxt sakini Rafiq Əliyev: "Mən belə düşünürəm ki, bütün qanunlara əməl olunacaqsa, məktəblərin,
universitetlərin açılması lap yaxşı olar. Ənənəvi təhsildənsə, universitetlərin açılması tələbələrə daha sərfəli olar. Universitetə gedib-gəlmək, müəllimlərlə ünsiyyət qurmaq tələbələr üçün daha yaxşıdır. Ənənəvi təhsil onlayn təhsildən qat-qat üstündür".
Paytaxt sakini Ayşən Məmmədov: "Mən bir tələbə kimi universitetlərin açılmalı olduğunu düşünürəm. Çünki artıq iki ildir ki, universitetlər bağlıdır. Mən hesab edirəm ki, bu müddət ərzində tələbələrin təhsili zəifləyib. Universitetlərin ənənəvi açılması pis olmaz. Onsuz da vaksinsiz heç kim buraxılmayacaq. Tələbələrin də demək olar ki, hamısı vaksin olub. Bu üzdən bu qərarın yerində verilmiş qərar olduğunu düşünürəm. Heç bir problem olmayacağından əminəm".
Paytaxt sakini İlham Əliyev: "Bu qərarın tam yerində olduğunu düşünürəm. Uşaqların ənənəvi təhsilə
qayıtmasına olduqca sevinirəm. Çünki onlayn sistemlə müqayisədə ənənəvi təhsilin çox böyük əhəmiyyəti var. Amma bu açılışın davamlı olmasını istəyirəm. Yəni açılışından bir müddət sonra tez-bazar bağlanmasın".
Paytaxt sakini Qönçə Abbasova: "Mən artıq universiteti bitirmişəm. Buna görə də, məni çox da maraqlandırmır. Amma deyə bilərəm ki, təhsilin onlayn ya, ənənəvi olmasının heç bir önəmi yoxdur. Əsas odur ki, tələbədə oxumağa, araşdırmağa, öyrənməyə meyilli olsun".
Paytaxt sakini Valeriyan Rəhimova: "Açılma qərarı olduqca yaxşıdır. Ancaq mən inanmıram ki, bu
açılış daimi olsun. Düşünürəm ki, açılışından sonra qısa müddət ərzində bağlanacaq".
Paytaxt sakini Vüsal Ruziyev: "Əlbəttə ki, çox yaxşı və düzgün qərardır. Təhsil mütləqdir. Hamı onsuz da peyvənd olur. Təhsil çox önəmlidir. İstər pandemiya olsun, istər nə olsun".
Paytaxt sakini Validə Seyidzadə: "Mən hesab edirəm ki, bu qərar uşaqların daha keyfiyyətli təhsil almaları üçün olduqca yararlı olacaq. Üzbəüz təhsil onlayn təhsillə müqayisədə çox daha faydalıdır. Müəllimlər hamısı vaksinasiyadan keçdiyi üçün hansısa bir problemin olacağını düşünmürəm. Bütün koronavirus əleyhinə tədbirlər görüldüyündən bu qərarın lap yerində olduğunu düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB