Asim Mollazadə: “Hər bir siyasi partiya öz fəaliyyətinin nəticəsini görür” - MÜSAHİBƏ
- Partiya sədri və parlament seçkilərində bir namizəd olaraq arxada qalan seçkiləri necə dəyərləndirirsiniz?
- Namizədlərin geniş kampaniya aparmaq imkanları olub. Namizədliyini irəli sürdüyüm dairədə həm açıq, həm də qapalı yerlərdə seçicilərlə görüşlər keçirmək imkanı əldə etdik. Öz fikirlərimizi, proqram və platformamızı seçicilərə çatdırmaq üçün fəaliyyətimizi qanunvericiliyə uyğun şəkildə qura bildirk. Dairədə yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin normal fəaliyyəti bizə seçkiləri şəffaf və demokratik keçirilmə imkanı verib. Digər dairələrdə seçkiləri lazımı şəkildə müşahidə edə bilməmişik. Seçkilərlə bağlı 4 nüfuzlu qurum, ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu, ATƏT-in Parlament Assmbleyası, Avropa Şurası Parlament Assmbleyası və Avropa Parlamentinin müşahidə missiyalarının açıqladığı ilkin rəyləri müsbət hesab edirik. Rəylərlə bildirilib ki, dairələrin 90 faizində seçkilər normal keçirilib. Bu isə həqiqəti əks etdirir. Təbii ki, yerdə qalan 10 faiz məntəqələdə qüsurların aradan qaldırılması üçün mühüm işlər görməliyik. Seçki prosesinin təkmilləşdirilməsi istiqamətində hələ çox işlər görməliyik.
- Yuxarıda adı çəkilən 4 qurumun seçkilərlə bağlı ilkin rəyləri ABŞ Dövlət Departamentinin rəyi ilə ziddiyyət təşkil edir. Bunu necə qiymətləndirirsiniz?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu, ATƏT-in Parlament Assmbleyası, Avropa Şurası Parlament Assmbleyası və Avropa Parlamentinin müşahidə missiyalarının seçkilərlə bağlı açıqladığı ilkin rəyləri və Azərbaycandakı seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar fikirlərini də müsbət qəbul edirəm. Tənqidlər əgər çatışmazlıqları aradan qaldırmağa yönəlmiş tənqidlərdirsə, müsbət işlərə xidmət edirsə, bunun tərəfindəyik. Biz istəyirik ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirsin və onların təcrübəsindən bəhrələnməyə hər zaman hazırıq. ABŞ Dövlət Departamentinin rəyində bizi narahat edən məqamlar var. Bununla yanaşı bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. İndiyə kimi bizi narahat edən əsas məsələ Azərbaycana ABŞ səfirinin təyin olunmamasıdır. Bu isə ABŞ-da olan xırda bir etnik qrupun, erməni diasporunun fəaliyyəti ilə bağlıdır. Bu ABŞ-ın özünün maraqlarına da ziddir. Senatda ermənilərin maraqlarını qoruyan qüvvələr bilavasitə ABŞ-ın strateji maraqlarına zərbə endirirlər. İstəyirik ki, ABŞ iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması prosesinə təkan versin. Səfir olmadığına görə də müəyyən anlaşılmazlıqlar ola bilər.
- Necə hesab edirsiniz, bu anlaşılmazlıqlar yalnız erməni diasporunun Azərbaycan əleyhinə apardığı təbliğatla bağlı ola bilərmi?
- Fikrimcə, bu daha çox iki ölkə arasındakı münasibətlərin qənaətbəxş olmaması ilə əlaqələndirilə bilər. Biz ilk növbədə Azərbaycanda mövcud olan problemlərin həll edilməsi istiqamətində səylərimizi gücləndirməliyik.
- Bir müddət əvvəl bizimlə söhbətdə qeyd etmişdiz ki, müxalifətin radikal və konstruktiv olaraq bölünməsinə müsbət baxmıram. Seçkilərdə radikal müxalifət uğursuzluğa düçar oldu. Fikirlərinizdə dəyişiklik varmı?
- Mən heç bir zaman müxalifətlə bağlı belə bir bölgünü aparmaq istəməzdim. Amma hər bir siyasi qüvvə, hər bir siyasi partiya öz fəaliyyətinin nəticəsini görür. Kimin düzgün, kimin düzgün olmadığı məhz xalqın dəstəyi, xalqın verdiyi səsin əsasında müəyyən olunur. Ümumilikdə müxalifət partiyalarının seçkilərdə qazandığı nəticələrə qiymət vermək istəmirəm. Təbliğat kampaniyasında minlərlə vətəndaşla görüşmək imkanımız oldu və bizim verdiyimiz sözlərin, verdiyimiz təkliflərin qarşılığında aldığımız dəstək bizi sevindirdi. Bu isə bizi məcbur edir ki, fəaliyyətimizi daha da gücləndirək, vətəndaşların problemlərinin həllinə istiqamətlənən səyləri artıraq.
- Eyni blokda təmsil oluduğunuz Vətəndaş Həmrəyliyi Partiyası ilə bundan sonra əməkdaşlıq hansı formada davam etdiriləcək?
- Biz seçkilərdən sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə müzakirələr apardıq. Bizim bir təklifimiz var ki, "Demokratiya" bloku öz əməkdaşlığını parlament fəaliyyətində də qoruyub saxlasın. Ümimi fikir budur ki, fəaliyyətimizi koordinasiya edərək Azərbaycan dövlətinin inkişafına, xalqın rifahının yüksəlməsinə yönəlik işimizi birgə quraq.
- Siyasi partiyaların bir hissəsinin seçkilərə eyni bloklarda getməsinin hansı faydaları oldu?
- Mən buna müsbət bir tendensiya kimi baxıram. Bloklaşma müəyyən qədər ortaq mövqeləri olan qüvvələrin mərkəzləşməsinə gətirib çıxara bilər. Bunun nəticəsində də gələcəkdə ölkədə 3-4 partiyalı sistemin formalaşması mümkündür. Partiyaların siyasi mədəniyyəti gücləndirmək, əməkdaşlığı artırmaq baxımından bu prosesi alqışlamaq lazımdır.
- Dekabr ayının əvvəllərində Qazaxıstanın Astana şəhərində ATƏT-in zirvə toplantısı keçiriləcək. Toplantı bizim üçün əhəmiyyətli edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardır. Nələr gözləyirsiniz?
- Çox istərdik ki, Rusiya prezidenti Dmitri Medvedevin nikbin bəyanatları Astana danışıqlarında da öz əksini tapsın. Ümid edirik ki, Rusiya nüfuzundan, gücündən istifadə edərək problemin həll edilməsinə səy göstərəcək. ATƏT Ermənistana ciddi şəkildə təzyiq göstərməlidir. Çünki, bu təşkilat münaqişənin həlli ilə bağlı real addımlar atmasa bölgədə stabilliyə, sülhə təhlükə yaraanacaq. Ümid edirik ki, beynəlxalq güclər bu məqamı başa düşərək münaqişənin həlli ilə bağlı konkret addımlar atmağa səy göstərəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB