Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş bölgələrində 9 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. 513 uşaq doğma torpaqda sənətin sirlərini öyrənir. Mədəniyyət Nazirliyinin incəsənət təhsilinin bərpası istiqamətində gördüyü işlər Böyük Qayıdışa yeni məna qatır.

Qayıdışın səsi var. Açılan qapının, məktəb zənginin, həyətə yayılan uşaq gülüşünün səsi. İndi bu səslərə musiqi də qoşulur. Fortepianoda ilk məşq. Tarın simlərində ilk melodiya. Xanəndəlik dərsində ilk avaz.

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş bölgələrində həyat bərpa olunduqca sənət təhsili də doğma ünvanlarına qayıdır. Uşaqlar yaşadıqları yurdla musiqi, rəng və yaradıcılıq vasitəsilə bağ qururlar.

Xankəndi İncəsənət Məktəbinin şagird və müəllimləri.

Qayıdış evdən başlayır, sənətlə kök salır

Böyük Qayıdış çərçivəsində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi mühüm istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə incəsənət təhsilinin bərpasıdır. Məqsəd doğma yurda qayıdan uşaqların musiqi və incəsənət təhsilinə çıxışını təmin etmək, onların istedadını elə yaşadıqları məkanda üzə çıxarmaqdır.

Artıq bu ərazilərdə 9 uşaq musiqi və incəsənət məktəbinin fəaliyyəti bərpa edilib. Məktəblərdə 513 şagird təhsil alır. Onların sənət yoluna 126 müəllim bələdçilik edir.

İllər sonra doğma ünvanda ilk dərs

Bu prosesin xüsusi mənası var: işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışdan sonra həmin məktəblərin doğma yurdda ilk dərsləri başlayıb. Sənət təhsili bölgənin gündəlik həyatına yenidən daxil olur.

2026-2027-ci tədris ilindən Xankəndi şəhər Uşaq İncəsənət Məktəbi, Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbi, Füzuli şəhər Kurmanqazı adına Uşaq İncəsənət Məktəbi və Şuşa şəhər Niyazi adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi bu ərazilərdə fəaliyyətə başlayıb.

Şərqi Zəngəzurda bu yolun ilk addımı 2025-2026-cı tədris ilində Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbi ilə atılıb. 2026-2027-ci tədris ilində isə Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbi, Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi və Zəngilan şəhər Uşaq Musiqi Məktəbi də bu sıraya qoşulub.

M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində fəaliyyət göstərən incəsənət məktəbinin şagirdləri.

Xankəndidə sənət təhsilinə ortaq töhfə

Xankəndi şəhər Uşaq İncəsənət Məktəbində tədris Qarabağ Universitetinin İncəsənət Məktəbi ilə birgə təşkil olunur.

Bu əməkdaşlıq doğma şəhərdə sənət təhsilinin bərpasına ortaq töhfədir. Uşaqların sənətlə ilk tanışlığı ilə universitetin yaradıcılıq mühiti arasında əlaqə yaranır. Xankəndidə formalaşan təhsil həyatı belə birgə təşəbbüslərlə zənginləşir.

Məktəb divarları arasında böyüyən ümid

İncəsənət dərsləri müxtəlif məkanlarda təşkil olunur. Xankəndidə məktəb Kərkicahan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə yerləşir. Ağdamda şagirdləri Muğam Mərkəzi qarşılayır. Füzulidə dərslər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində, Şuşada isə 1 nömrəli tam orta məktəbdə keçirilir.

Mahmudlu Musiqi Məktəbi yeni inşa olunmuş Şükürbəyli Musiqi Məktəbində fəaliyyət göstərir. Şərqi Zəngəzurdakı digər dörd məktəbin dərsləri müvafiq rayonların ümumi təhsil müəssisələrində təşkil edilir.

Kəlbəcər İncəsənət Məktəbində piano dərsi.

Beləcə, mövcud təhsil və mədəniyyət məkanları uşaqların yaradıcılıq imkanlarını genişləndirir. Məktəb günü incəsənət dərsi ilə davam edir.

Tarın səsi, rənglərin dili

Qarabağın işğaldan azad olunmuş bölgələri üzrə 214, Şərqi Zəngəzurun işğaldan azad olunmuş bölgələri üzrə 299 şagird müxtəlif ixtisaslarda təhsil alır.

Ən çox maraq fortepianoyadır: 197 şagird bu aləti öyrənir. Tar ixtisasında 93, xanəndəlikdə 65, rəssamlıqda 45 uşaq təhsil alır. Qarmon, kamança, saz, nağara, gitara, violin, vokal və xoreoqrafiya dərsləri də keçirilir.
Bu müxtəliflik uşaqlara öz ifadə dilini tapmağa imkan verir. Kimi duyğusunu musiqiyə çevirir. Kimi rənglə danışır. Kimi səhnədə ilk addımını atır.

Zəngilan Musiqi Məktəbində kamança dərsi.

Hər dərsə aparan yol

Bu qayıdışın müəllim hekayəsi də var. Tədrisə cəlb olunan 126 müəllimdən 38-i işğaldan azad edilmiş ərazilərdə daimi yaşayır. Daha 88 müəllim isə dərslərə gediş-gəliş edir.

Onların qət etdiyi yolun sonunda şagird gözləyir. Öyrənilməli bir melodiya, işlənməli bir rəsm, təkrarlanmalı bir məşq var. Müəllim əməyi sənət təhsilinin davamlılığını təmin edir, uşağın həvəsini bacarığa çevirir.

Laçın şəhər musiqi məktəbində dərs zamanı

Bir simə düzgün toxunmaq, ritmi duymaq, çətin bir parçanı yenidən ifa etmək... Sənəti öyrənmək səbir istəyir. Uşağın yanında ona yol göstərən müəllim olduqda hər məşq irəliyə atılan addıma çevrilir.

Ənənə belə yaşayır. Öyrədildikcə, sevildikcə, yeni nəslin yaradıcılığında davam etdikcə.

Böyük Qayıdış bu dərslərdə də davam edir. Doğma yurdda böyüyən uşaq onun mədəniyyətini öyrənir, öz səsini tapır, gələcəyini qurur.

Qarabağ və Şərqi Zəngəzurun sabahı bu gün ilk notunu səsləndirir.

Cəsarət Valehov,

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri

Bütün xəbərlər Facebook səhifəmizdə