Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub.

SİA xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata görə, ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.

Həmçinin ADY-nin sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sisteminin işi təqdim edilib.

Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə