Dərman təminatında yeni qaydalar qüvvəyə minir - FOTO

“Əhalinin dərman təminatının yaxşılaşdırılması və tibbi sığorta sisteminin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiqlənib. Bu çərçivədə dərmanların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması üçün meyarlar müəyyən olunub. Qəbul olunan qərarlar həm sistemin idarə olunmasını, həm də vətəndaşların dərmanlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq". SİA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, ən mühüm yeniliklərdən biri “Pozitiv siyahı”nın hazırlanmasıdır: “Pozitiv siyahı icbari tibbi sığorta hesabına qarşılanacaq dərman vasitələrinin rəsmi siyahısıdır. Hazırda bu siyahının ilkin mərhələsi formalaşdırılır. Siyahıda təsiredici maddə, dozalar, kompensasiya dərəcələri və digər məlumatlar tam şəkildə rəsmi saytımızda dərc olunacaq".

A.Əhmədova qeyd edib ki, siyahıya ilk olaraq ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan, qan təzyiqini tənzimləyən dərmanlar daxil edilib: “Bu preparatların dəyəri ya tam şəkildə, ya da müəyyən faiz nisbətində sığorta fondu tərəfindən qarşılanacaq".

Dərmanların siyahıya daxil edilməsi üçün meyarlar da təsdiqlənib: “Preparatlar dövlət reyestrində qeydiyyatda olmalı, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməli, qiyməti dövlət tərəfindən tənzimlənməli və ən əsası – sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır".

Departament rəhbəri vurğulayıb ki, dərmanların təyinatı elektron resept sistemi vasitəsilə aparılacaq: “Elektron reseptlərin Agentliyin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər davam edir. Sığorta hesabına veriləcək dərmanlar yalnız Agentliklə müqaviləsi olan özəl apteklərdə təqdim olunacaq və həmin apteklər xüsusi loqo ilə işarələnəcək".

Aynurə Əhmədova Agentliyin çağrı xidmətinin fəaliyyəti barədə də məlumat verib: “1542 Çağrı Mərkəzi günün 24 saatı, həftənin bütün günləri vətəndaşların müraciətlərini cavablandırır, onları maarifləndirir və göndəriş, qeydiyyat, xidmətlərlə bağlı sualları operativ şəkildə aydınlaşdırır. Bu xidmət sayəsində vətəndaşlar məlumatı daha tez əldə edir və yaranan məsələlərlə bağlı düzgün istiqamətləndirilirlər".

Onun sözlərinə görə, çağrı xidmətinin fəaliyyəti ilbəil təkmilləşdirilir: “Cari ilin ilk 9 ayı ərzində Çağrı Mərkəzinə 170 mindən çox zəng daxil olub və müraciətlərin cavablandırılma faizi 95%-dən yüksək olub. Zənglər əsasən göndərişlərin verilməsi, müayinə-müalicə qaydaları, dərman təminatı və tibbi sərf materialları ilə bağlı mövzuları əhatə edib".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə