“Hər yeni xəbər bir yük, narahatlıq səbəbi ola bilər“ - PSİXOLOQ DANIŞDI

“Müasir dövrdə sosial media insanların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Hər gün bu platformalarda yayımlanan məlumatlar, xəbərlər və paylaşımlar insanların emosional və psixoloji vəziyyətinə birbaşa təsir edir. Xüsusilə neqativ məzmunlu xəbərlər – zorakılıq, fəlakətlər, itkilər və digər kədərverici hadisələr – insanlarda stress, həyəcan, qorxu və ümidsizlik hisslərini artırır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, insanlar sosial mediada gördükləri məzmunlara fərqli emosional reaksiya verirlər: “Məsələn, kədərli bir hadisəni izlədikdə təbii olaraq kədərlənirlər. Qorxulu və ya narahatlıq doğuran məlumatlar isə insanın təhlükə hissini artırır. Bundan əlavə, sosial mediada yayılan trend və meyillər – kütlə psixologiyası kontekstində fərdləri müəyyən davranışlara təhrik edə bilir. “Qonşudan geri qalmamaq” düşüncəsi ilə insanlar bəzən anlamadan müəyyən davranış və paylaşımları təqlid edirlər.

Sosial medianın təsiri hər kəs üçün eyni olmur. Psixoloji cəhətdən sağlam olan şəxslər bu təsirləri müəyyən qədər idarə edə bilsələr də, psixoloji narahatlıqları və ya həssas psixikası olan insanlar üçün bu cür məzmunlar ciddi stress və narahatlıq mənbəyinə çevrilə bilər. Onlar üçün hər yeni xəbər bir yük, bir narahatlıq səbəbi ola bilər.

Belə bir vəziyyətdə sosial mediadan tam uzaqlaşmaq mümkün olmasa da, onun istifadəsini düzgün şəkildə tənzimləmək mümkündür. İzlədiyimiz səhifələr, baxdığımız filmlər, oxuduğumuz xəbərlər və izlədiyimiz informasiyalar psixoloji rifahımıza xidmət etməlidir. İnsan özünü qorumağı öyrənməli, emosional təhlükələrə qarşı özünü şüurlu şəkildə müdafiə etməlidir.

Sosial media həm faydalı, həm də zərərli bir vasitə ola bilər. Onun bizə necə təsir edəcəyini müəyyən edən isə bizim seçimlərimiz və yanaşmamızdır. Bu səbəblə psixi sağlamlığımızı qorumaq üçün sosial mediaya qarşı seçici və ayıq münasibət sərgiləmək vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə