“Alternativ enerji mənbələrinin genişləndirilməsi dövrün əsas tələbədir” - EKOLOQ FİKİR BİLDİRDİ

“Müasir dövrdə nəqliyyat vasitələrinin ekoloji təsiri qlobal problemlərdən biri kimi qəbul olunur”. Bu fikirləri ekoloq Ənvər Əliyev SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, avtomobillərin sayı artdıqca onların atmosferə atdığı tullantıların həcmi də çoxalır: “İlk baxışda elektrik nəqliyyatı vasitələri ekoloji cəhətdən daha təmiz hesab edilsə də, unutmamalıyıq ki, elektrik enerjisi havadan əldə edilmir. Onun böyük hissəsi istilik elektrik stansiyalarında hasil olunur və bu prosesdə neft, qaz kimi yanacaqlar yandırılaraq atmosferə karbon qazı və digər zərərli maddələr buraxılır. Beləliklə, ümumilikdə götürüldükdə tullantıların miqdarı azalmasa da, onların mənbəyi dəyişir. Bakı şəhərində avtomobillərin sayı artıq yüz minlərlədir ki, bu da ekoloji tarazlığa ciddi təsir göstərir. Daxili yanma mühərrikləri atmosferə azot oksidləri, karbon oksidi, kükürd birləşmələri , həmçinin alfatik və aromatik karbohidrogenlər daxil olmaqla 260-dan çox müxtəlif maddə atır. Bu birləşmələrin bəziləri tənəffüs orqanlarına, gözlərə və insan sağlamlığına ciddi təsir göstərir.

Əvvəllər benzinin tərkibində olan qurğuşun da ciddi təhlükə mənbəyi idi. Çünki qurğuşun və ağır metallar bioloji dövriyəyə qoşulur, bitkilər vasitəsilə heyvanlara, daha sonra isə insan orqanizminə keçərək uzunmüddətli zərər yaradırdı. Bugün bu maddələrin istifadəsi azalsa da, digər toksik elementlərin təsiri hələ də mövcuddur. Nəticə etibarilə, avtomobillərin ekoloji təsiri həm qlobal iqlim dəyişikliyinə, həm də insanların gündəlik sağlamlığına birbaşa təsir göstərir. Ona görə də alternativ enerji mənbələrinin genişləndirilməsi, ictimai nəqliyyatın inkişafı və ekoloji standartların sərtləşdirilməsi müasir dövrün əsas tələblərindən biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə