Sosial şəbəkələrdə saxta hədiyyə kompaniyaları: aldanmamaq üçün nə etməli? - MÜNASİBƏT BİLDİRİLDİ
“Sosial şəbəkələrdə saxta hədiyyə kampaniyaları insanların etibarından sui-istifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında kiber təhlükəsizlik üzrə ekspert Fərid Əmirov bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələr insanların gündəlik həyatında geniş yer tutduğuna görə fırıldaqçılar üçün də əlverişli mühitə çevrilib. Saxta hədiyyə kampaniyalarının arxasında dayanan məqsəd istifadəçilərin psixologiyasından yararlanmaqdır. “Asan qazanc” istəyi, “qorxu” hissi və “təcililik təzyiqi” kimi amillərdən istifadə edən fırıldaqçılar vətəndaşları saxta linklərə yönləndirir və onların şəxsi məlumatlarını ələ keçirirlər. İnsanlara brend adı altında cəlbedici hədiyyə və ya endirim vəd edilir. Linkə daxil olduqda isə onlar dizayn baxımından rəsmi səhifəyə çox oxşayan, amma əslində saxta olan saytlara yönləndirilirlər. Burada ad, telefon nömrəsi, sosial şəbəkə şifrəsi və hətta bank kartı məlumatları tələb olunur. Nəticədə insanların hesabları ələ keçirilir, kartlarından pul oğurlanır,məlumatlarınız kiber cinayətkarların bazasına düşür, cihazlarına zərərli proqramlar yüklənir”.
Fərid Əmirov qeyd edib ki, bu cür hallara Azərbaycanda da tez-tez rast gəlinir. Bəzən market və ya tanınmış brend adı altında kupon kampaniyaları, bəzən isə “pulsuz telefon hədiyyəsi” elanları istifadəçiləri aldadır. WhatsApp üzərindən yayılan “endirim linkləri”,"bu linkdən daxil ol və 50 GB internet qazan" tipli mesajlar da, əslində malware yükləmək üçün hazırlanır.İstənilən linkə daxil olmadan öncə ünvanı yoxlamaq lazımdır. Rəsmi şirkətlər heç vaxt kart məlumatı və ya SMS kodu istəməzlər. Əgər bir təklif həddindən artıq cazibədar görünürsə, böyük ehtimalla saxtadır. İnsanlar maariflənməli, yaxınlarını da bu risklər barədə xəbərdar etməlidirlər. Çünki əsas təhlükə texnologiyada deyil, insanın aldanmasındadır”.
Ekspert əlavə edib ki, sosial şəbəkələrdə yayılan saxta kampaniyaların qarşısını almaq üçün həm dövlət qurumlarının, həm də platformaların nəzarəti güclənməlidir: “Kiberhücumlara qarşı effektiv mübarizə yalnız texniki yox, həm də sosial maarifləndirmə tədbirləri ilə mümkün ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə