"Təkrar emal sənayesi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, dünyada zəif inkişaf etmiş sahələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.
O bildirib ki, bunun bir çox səbəbləri mövcuddur: "Qanunvericilik və normativ baza çatışmazlığı bu səbəblərdən biridir; məcburi çeşidləmə, istehsalçı məsuliyyəti, depozit sistemi kimi hüquqi mexanizmlər ya zəifdir, ya da ümumiyyətlə yoxdur. İqtisadi stimulların olmaması da problemi dərinləşdirir, çünki təkrar emal müəssisələri üçün vergi güzəştləri, subsidiyalar və uzunmüddətli investisiya imkanları yetərincə inkişaf etməyib. İnfrastruktur çatışmazlığı da ciddi rol oynayır; tullantıların çeşidlənməsi üçün konteyner şəbəkələri, çeşidləmə məntəqələri və emal zavodlarının olmaması sahənin inkişafını əngəlləyir. Eyni zamanda, ictimai maarifləndirmənin zəifliyi də nəzərə çarpır; keçmişdə aparılan eksperimentlər göstərir ki, insanlar məlumatlandırılsa da, çeşidləmə qaydalarına əməl etmirlər və bu, yalnız uzunmüddətli maarifləndirmə ilə həll oluna bilər. Bazar tələbatının məhdudluğu da problem yaradır; təkrar emal olunmuş məhsullara, məsələn, plastik, kağız və şüşəyə sabit daxili tələbat zəifdir, çünki idxal olunan ucuz ilkin xammal daha rəqabətlidir. İnvestisiya riskləri də əhəmiyyətli məsələdir; bu sahə uzunmüddətli və kapital tutumludur, amma investorlar üçün gəlirin təminatı zəifdir. Bundan əlavə, koordinasiya çatışmazlığı da inkişafı məhdudlaşdırır; dövlət qurumları, özəl sektor və bələdiyyələr arasında əməkdaşlıq ya yoxdur, ya da çox zəifdir.
Həll yolları kimi hüquqi mexanizmlərin yaradılması, istehsalçı məsuliyyətinin tətbiqi, depozit sisteminin tətbiqi, çeşidləmə qaydalarının məcburiliyi və cərimələrin tətbiqi, investorlar üçün stimullaşdırıcı və zəmanətli gəlir mexanizmlərinin yaradılması, sistemli strukturun yaradılması və dövlət səviyyəsində layihələndirilməsi vacibdir. Bu sahənin inkişafı üçün dövlət təşəbbüsü və rəhbərliyi mühüm əhəmiyyət kəsb edir; sadəcə fərdi təşəbbüslərlə və lokal zavodlarla bu problem həll olunmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə