Frilans işləməyin müsbət və mənfi cəhətləri nədir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Frilans fəaliyyəti – yaxud da özünəməşğulluq, müasir əmək bazarının çevik və dinamik formalarından biridir". Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.
Sahib Məmmədov sözlərinə belə davam edib: "Bu modeldə şəxs müəyyən ixtisas və bacarıqlara əsaslanaraq öz təşəbbüsü ilə gəlir əldə edir, lakin ənənəvi mənada işəgötürənlə əmək müqaviləsi bağlamır.
İki əsas fəaliyyət modeli:
1. Rəsmi özünəməşğulluq – Şəxsin vergi orqanlarında qeydiyyata düşməsi, fəaliyyət növünü bəyan etməsi və qazancına uyğun olaraq:
• vergi ödənişləri,
• məcburi dövlət sosial sığorta haqları ödəməsidir.
Bu halda, şəxs rəsmi sahibkar sayılır və qanunla müəyyən olunmuş sosial müdafiə mexanizmlərindən (əmək pensiyası, sosial müavinət və s.) faydalana bilər.
2. Qeyri-rəsmi (kölgə) özünəməşğulluq – Bu halda, şəxs heç bir qeydiyyat keçmədən, vergi ödəmədən, sığorta ayırmaları etmədən fəaliyyət göstərir. Belə şəxslər kölgə iqtisadiyyatının iştirakçıları sayılır.
Problemin mənfi tərəfləri:
Frilans şəxslər, xüsusilə qeyri-rəsmi fəaliyyət göstərdikdə:
• Sosial sığorta stajı yığılmır,
• Pensiya kapitalı formalaşmır,
• Gələcəkdə yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə əmək pensiyası hüququndan məhrum olurlar.
Əvəzində, muzdla işləyən və əmək müqaviləsi olan şəxslər bu sosial təminatları avtomatik əldə edirlər.
Çıxış yolları və tövsiyələr:
• Frilans və ya fərdi sahibkarlıq fəaliyyəti göstərən şəxslər, qanunvericiliklə müəyyən olunmuş şəkildə vergi orqanlarında qeydiyyatdan keçməli və öz fəaliyyətlərini rəsmi əsaslarla həyata keçirməlidirlər.
• Özünəməşğul şəxslər mikro, kiçik və ya orta sahibkarlıq subyekti kimi tanınıb, qanuni iqtisadiyyata inteqrasiya olunmalıdırlar.
• Dövlət dəstək mexanizmləri və maarifləndirici tədbirlərlə bu sahədə kölgə iqtisadiyyatının payı azaldılmalı, şəffaflıq artırılmalıdır.
Frilans fəaliyyəti müasir dövrdə geniş yayılmış əmək növüdür və bu modelin azadlıq və gəlir imkanları baxımından üstünlükləri olsa da, qanuni əsaslarla həyata keçirilmədiyi təqdirdə ciddi sosial-iqtisadi risklər doğura bilər. Buna görə də, şəxslər rəsmi uçota durmalı, gəlirlərinə uyğun vergi və sığorta ödənişlərini həyata keçirməli, kölgə iqtisadiyyatından kənarda fəaliyyət göstərməlidirlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə