Qadın sahibkarlığı inkişaf edir: hədəflər genişlənir - MÜSAHİBƏ

"Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyevanın SİA-ya müsahibəsini təqdim edirik:

- Sizin Azərbaycan televiziyalarından birində qadın sahibkarlığının inkişafı haqqında çıxışınız böyük əks-səda doğurdu. Orada tənqidi fikirlər də səsləndirdiniz. Niyə fikirləriniz əks-səda doğurdu?

- Bu gün qadın sahibkarlara geniş yol vermək dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Yəni dövlət tərəfindən qadın sahibkarlar üçün hər zaman yaşıl işıq yandırılır. Hətta Ulu Öndər Heydər Əliyevin siyasətidir ki, qadınlar hər zaman irəli çəkilsin. Bu siyasət oradan gəlir. Bu gün də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva qadınlara daha çox imkanlar yaradır ki, qadınlar öz istedadlarını göstərsinlər. Qadın sahibkarlara yol verilməlidir, onların işləri üzə çıxmalıdır. Hər bir qadın böyük bir alim, məktəbdir. Hər qadının içində çox böyük istedadlar var. Bu istedadları üzə çıxarmaq üçün imkanlar yaratmaq lazımdır. Əlbəttə, dövlətimizin böyük siyasəti bundan ibarətdir. Amma ölkəmizdə belə bir birlik var ki, Azərbaycan Sahibkar Qadınların İnkişafı Assosiasiyası var. Belə bir Assosiasiyanın da sədri ölkəmizdə Səkinə Babayevadır. Bu aksiya əvvəl çox böyük işlər apardı. Sərgilər təşkil edir, sahibkar qadınların işlərini üzə çıxardırdı. Böyük iş adamları dəvət olunur, bunlara baxışlar keçirilirdi. Alış-veriş yaranırdı. Bundan da hər sahibkar qadın sevinirdi. Stimul yaranırdı ki, sabah başqa işlər görsün. Mən tənqidi fikirlərimi demişəm, çünki son illər bu aksiyanın işi sıfıra düşüb. Bizim regionlarımızda çox sahibkar qadınlarımız diqqətdən kənarda qalırlar. Amma onların çox böyük əl işləri var. Onların da işlərini dəyərləndirmək lazımdır. Mehriban xanım Əliyeva qadınlara bu qədər dəstək olursa, niyə yaradılan assosiasiya qadınları görmür.

- Sahibkar qadın olmaq üçün ən vacib məqam hansıdır?

- Ən vacib məqam odur ki, qadının əl qabiliyyətini göstərmək üçün onun şəraiti olmalıdır. İndiki şəraitdə bu əsas anı sahibkar qadınlar öz güclərinə yaradırlar. Rayon, kənd yerində biri quşçuluqla, digəri maldarlıqla məşğul olur. Bunu artıq özləri edirlər. Sadəcə bu qurum işini bilməlidir. Mən də bu aksiyanın idarə heyətinin üzvü olmuşam. Sonra gördüm ki, burada iş görüntü üçündür, sahibkar qadınlarımıza heç bir yardım olunmur. Onu da deyim ki, Qeyri-hökumət Təşkilatları Agentliyi qeyri-hökumət təşkilatlarına həvəs yaradır. Mən Qeyri-hökumət Təşkilatları Agentliyinin işindən çox razıyam. Amma aksiya da bunu etməlidir, onun da fondu var. Aksiyada ancaq yığılıb səhər və axşam yeməyinə gedirlər. Xarici qonaqlar gələndə ola bilər, onlara Bakını tanıtmaq lazımdır. Daha ancaq yemək yeyib şəkil çəkdirməyin əleyhinəyəm. Aksiyanın regionlarda da şöbələri var, lakın iş yoxdur. İş olsa, dövlət kanalında, kütləvi informasiya vasitələrində görərdik.

- Türkiyədə minlərlə qadın bələdiyyələrin layihələrindən bəhrələnərək maddi kömək alır. Hətta onlara ekspert dəstəyi də göstərilir. Bizdə də yerlərdəki bələdiyyələr dəstək verməlidirlər?

- Həqiqətən də bələdiyyələr bu işlə məşğul olmalıdır. Bələdiyyələr elə başa düşür ki, işləri ancaq işıq, su, yer pulu yığmaqdan ibarətdir. Belə deyil. Hər bələdiyyə bilsə ki, öz əhatə zonasında nə qədər sahibkar qadın var, onlarla müqavilə bağlayarlar. Mən də tez-tez Türkiyədə oluram və görürəm. Hər həftənin şənbə və bazar günləri onlarda yarmarka keçirilir. Bələdiyyələr onlara dəstək olur, hətta maddi kömək belə edirlər. Bazarlarda görürsən ki, ancaq əl işləridir, alanlar da var. Sahibkar da həvəslənir. Bələdiyyədən bu işləri nəzarətə götürüb işləmək lazımdır. Bir aydan çoxdur ki, bələdiyyələr seçilib, göstərin ki, nə iş görürsünüz.

- Qadın sahibkarlar öz işini qurmaq üçün banklar onlara güzəştli kreditlər versə, yaxşı olar. Hətta kişi sahibkarlar belə bölgələrdə kredit götürməkdə çətinlik çəkirlər.

- Bank onun üçün kredit vermir ki, alış-veriş edə bilmədi, pulunu ala bilməyəcək. Sahibkar da bundan qorxur. Amma buna təkan vermək lazımdır. Krediti sahibkar qadın alanda və aksiyadan da dəstək görəndə mümkündür. Aksiya nə üçün lazımdır? Satış üçün də bazar tapmaq olar, zəncir rolunu oynamalıdır. O zaman iqtisadiyyata da, xanıma da kömək olur. Belə olanda ailəsinə pul aparar, banka da vaxtında kreditini verər.

- Cəmiyyətimiz, mentalitetimiz sahibkar qadınlarımızı necə qəbul edir?

- Cəmiyyətin biri də mənəm. Mənim də birliyimdə çox qadın var. Tez-tez görüşlər edirik. Qadın sahibkarlara çox müsbət yanaşmalar var. Sadəcə onları üzə çıxarmaq, həvəsləndirmək lazımdır. Qadın sahibkar da evə yardım edir, dövlətə xidmət edir, banka kreditini verəndə ora da faiz gəlir.

- Qadın sahibkarlar daha məsuliyyətli olur, yoxsa kişi sahibkarlar?

- Qadın sahibkarlar daha məsuliyyətlidir. Sadəcə onlara təkan lazımdır. O bilir ki, evində uşağı, həyat yoldaşı, ailəsi var. Sabah evinə maddi kömək gətirəcək. Qadın sahibkarlar daha məsuliyyətli, fədakar, işgüzardır.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə