Ailə problemlərinə yaş fərqi təsir edirmi? - RƏYLƏR

"Ailə qarşılıqlı sevgi və ehtiram üzrə qurulur. Əlbəttə ki, ailə təməlinin möhkəm olması, sevginin ilk günlərdəki kimi davam etməsi və ehtiramın itməməsi üçün müəyyən faktorlar vardır ki, ailə həyatı qurmamışdan əvvəl üzərində düşünülməli olan amillərdir". Bu sözləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva SİA-ya açıqlamasında deyib.

Deputat həmçinin bunları da qeyd edib:" Yaxınlarda Ailə Məcəlləsinə nikaha daxil olma yaşı ilə bağlı Milli Məclisdə yeni dəyişiklik edildi. Nikaha daxil olmaq üçün yaş həddi 1 yaş artırıldı. Gənclərin daha da yetkinləşməsi və ailə münasibətlərinə mənəvi, fiziki, psixoloji baxımdan hazır olmaq, ailənin möhkəmliyinin təmin edilməsi məqsədi güdür. Eyni zamanda qohum nikahları qadağan edildi, çünki biz bunun mənfi təsirlərini cəmiyyətdə görürük. Qohum ailələrində çox təəssüflər olsun ki, dünyaya gələn uşaqlar irsi qan və digər xəstəliklərinin daşıyıcısı olurlar. Bu da təkcə ailələri yox, dünyanın genefondunu kökündən sarsıdan və hər birimizi narahat edən məsələlərdəndir. Eyni zamanda boşanmaların səbəblərindən biri də gənclərin nikah yaşının düzgün seçilməməsindən irəli gəlir və bu da ailədə anlaşılmamazlıqlara səbəb olur.

Doğrudur ki, Şərq qadını olaraq biz qadının kişidən yaşca kiçik olmasını qəbul etmişik və bu tarixəndə belə olub. Bu gün bizlər müasir həyatda, texnikanın inkişaf etdiyi dövrdə yaşayırıq və görünən odur ki, həyat tez və sürətlə müasirləşib inkişaf edir. Buna görə də eyni yaşda və eyni nəsilə aid olan insanlar daha yaxşı anlaşır, daha tez uyğunlaşır. Lakin arada yaş fərqi artıqca istər maraqlar, istərsə də fiziki baxımdan dəyişikliklər olur. Fikrimcə, bunlar nisbi və fərdi məsələlərdir və yüzdə yüz demək olmaz ki yaşıd insanların ailələri daim xoşbəxt olur, nəinki yaş fərqi çox olan insanlar. Bunu da bir kriteriya kimi götürmək düzgün deyil, yəni insan özündən kiçik yaxud böyük biri ilə həyatını davam etdirmək istəyirsə, özünü hazır görürsə, ailə bu şəkildə möhkəm olacaqsa, təminatı varsa niyədə olmasın. Ümumi yanaşmada əlbətdəki düzgün və sağlam olan yaş fərqinin həddən artıq çox olmamasıdır. Həmçinin 2, 3, 5 yaş fərqləri elə də böyük sayılmamalıdır və ya əksinə kişinin sadaladığım yaş fərqlərinə sahib olması ailənin daha möhkəm, sağlam düşüncələrə və qərarlar verilməsinə səbəb olur. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar həddən artıq məhrəm mövzulardır və sırf ailə daxili məsələlərdir. Hansısa hallar təkrarlananda və bu hallar mənfi olduqda o zaman cəmiyyətə aid edilir. Həmçinin ümumilikdə cəmiyyətə, ölkənin gələcək inkişafına və genefonduna zərər gətirməyə, ailələrin özündə də narahatlıq edən zaman bu məsələ haqqında düşünməyə başlayırıq. Nə edək və hansı addımları ataq ki, ailələrimiz daha möhkəm olub, bir-birilərini anlasınlar. Çünki biz düşünməliyik ki, həmin ailədən olan uşaqlar sağlam olmalıdır, onlar bizim gələcəyimizdir. Uşaqların rahat, xoşbəxt olmasını təmin edən şəxslər ilk növbədə onları dünyaya gətirən şəxslərdir. Dövlət bütün ailələrə öz qayğısını göstərir, himayə edir və ailələrin möhkəmliyi üçün bütün təminatları verir. Amma ailələrimiz özləri nikaha daxil olarkən əvvəlcədən bu məsələ haqqında ətraflı və dərin düşünməlidir".

Həmçinin bu məsələ ilə bağlı sosioloq Lalə Mehralı da fikirlərini bildirib: "Tarix boyu demək olar ki, bütün cəmiyyətlərdəki evliliklərdə kişilərin qadınlardan bir neçə yaş böyük olması qəbul edilib. Bu rəqəm minimum 3, maxsimum 7 hesab edilirdi. 20-30 il əvvəl kişilər təxminən 25 yaşında, qadınlar isə 20 yaş civarında evlənirdilər. Bu gün hər iki cinsin evlilik yaşı artıb, qızlar təhsil almadan və müəyyən bir peşə sahibi olmadan ailə qurmaq istəmir. Bu yaxşı haldır, lakin kariyeraya qurban verilən ömür də puç olmuş olur. Dönüb həyatına baxanda insan əldə etdiklərinin itirdiklərindən daha az olduğunu görür".

Bəzən tərəflərin eyni yaşda olduğu ailələrə də rast gəlinir. Mütəxəssislər evliliklərdə yaş faktorunun sağlam ailə təməli üçün vacib olduğu qənaətindədir. Xüsusilə kişilərin evlənərkən həyat yoldaşından minimum 5 yaş böyük olması məsləhət görülür. Çünki ideal evlilikdə kişinin qadından ən az 5 yaş böyük olması kişilərin gec yetkinləşməsi ilə əlaqələndirilir. Bunu həm də bioloji olaraq tibb elmi təsdiqləyir. Qızların yetkinlik yaş dövrünün 12, oğlanlarda isə bu yaşın 15 olması buna əyani sübutdur. Bu yetkinlik fərqi sonrakı illərdə də özünü göstərir. Eyni yaşda olan kişilər və qadınlar arasında evlənməyə hazır olma dövrü arasında ciddi fərq var. 20 yaşlı bir oğlan hələ ərgənlikdən tam çıxmır, lakin həmin yaşda qadın kifayət qədər yetkin olur. Eyni yaşda olan tərəflərin evliliyində bu həmişə problem olur".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə