“Azərbaycan dünyada sabit və dayanıqlı iqtisadiyyatı olan ölkələrdəndir” - ŞƏRH OLUNDU
“Azərbaycan dünyada sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan ölkələrdəndir. Qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Azərbaycanın iqtisadi güc və beynəlxalq nüfuzu artdıqca Cənubi Qafqazın və digər regionların iqtisadi mənzərəsinin dəyişməsində təşəbbüskar ölkə kimi çıxış edir. Bu layihələrin uğurla həyata keçirilməsi Azərbaycanı dünya iqtisadiyyatında söz sahibinə çevirir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bu günə qədər 4 dövlət proqramı həyata keçirilib: “İcra olunan dövlət proqramlarının nəticələri müsbətdir. Yəni rəqəmlər görülən işin nəticə verdiyini deməyə əsas yaradır. İcra olunan dövlət proqramlarının nəticələrini qənaətbəxş hesab etmək olar. Bunu 2024-cü il üzrə dövlət büdcə zərfində nəzərdə tutulan rayonlara vəsaitlərin ayrılmasında da bunu açıq şəkildə görmək mümkündür. Belə ki, digər bölgələrlə bərabər işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına dövlətimizin maliyyə vəsaitləri ilə çox möhtəşəm layihələr icra edilib. Beynəlxalq və respublika əhəmiyyətli yolların salınması, yeni dəmiryolu xətlərinin inşası, inzibati binaların tikintisi, məcburi köçkün əhalimiz üçün salınan şəhər və qəsəbələrə vətəndaşlarımızın köçürülməsi 2024-cü ildə həyata keçirilən işlər sırasındadır. Dövlətimizin prioritetlərindən biri iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və regionlarla paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Regionlara daha çox sərmayə cəlbinin təşviq edilməsi zərurətdir. Bu və digər məqamların 2024-2028-ci il üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında öz əksini tapacağına inanırıq. Regionların sosial-iqtisadi inkişafı ilk növbədə kənd təsərrüfatı məhsullarının istehsalında artıma səbəb olur ki, bu da yeni iş yerlərinin yaranmasına, eyni zamanda rayonlardan paytaxta axının qarşısını ciddi şəkildə almağa kömək edir. “Yaşıl dünya naminə həmrəylik ili” olan 2024-cü ildə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkənin bütün ərazisində yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetə çevrilib. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə