VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib - FOTOLAR

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, şəhidlərimizin 6-12 yaş arasındakı 100 övladını əhatə edən layihənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov, “Neftçi” Peşəkar Futbol Klubunun nümayəndəsi Emin Əfəndi və digər qonaqlar iştirak ediblər.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini imkan yaratmaqdır. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə