Cinsiyyət dəyişdirmək dində necə qarşılanır? - DİN XADİMİ AYDINLIQ GƏTİRDİ
"Cinsiyyət dəyişdirmək və ya həmcins evliliyi müxtəlif dinlərdə fərqli cür qarşılanır. Məsələn, Amerikada xristian keşiş Kaliforniyadakı kilsədə etiraf etdi ki, biz burada iki qadın və ya iki kişi evlənmək istədikdə onlara kəbin kəsirik. Avropanın bir çox ölkəsində bu tip qərarlar onların şəriətinə uyğundur. Amma islam dinində həmcins evliliyi mahaldır. Heç bir ruhani bu cür evliliyə vəsilə ola bilməz. Bu, haram və günahdır. Allah-təala kişini kişi, qadını isə qadın olaraq yaradıb. Ailə qurmaq anlayışında kişi qadınla, qadın da yalnız kişi ilə evlənə bilər". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, cinsiyyət dəyişdirmək başqa bir məsələdir: "Bu, cərrahi əməliyyatlarla həyata keçirilir. Dünyanın bir çox ölkələrində belə hadisələrə şahid oluruq. İslam dinində isə heç kim ixtiyari şəkildə cinsiyyətini dəyişdirə bilməz. Dəyişdirsə, günah qazanmış olar. Lakin elə insanlar ola bilər ki, onlarda yaradılışdan belə nöqsanlar var. Yəni, özünü həm kişi, həm də qadın kimi hiss edir. Dinimiz bu məsələyə də biganə qalmır. İslam dinində deyilir ki, bir kişi özünü qadın kimi hiss edirsə, tibbi mütəxəssislərin araşdırmalarına görə onda qadınlıq əlamətləri daha çoxdursa, bu əsnada elm və din bir qərara gələrək iki yol ayrıcında qalmaması üçün ona qadınlıq ixtiyarı verir".
"Eyni şəkildə qadın kimi doğulub amma kişiyə məxsus xüsusiyyətləri daha çox olan şəxsə də din və tibb kişilik ixtiyarı verir. Bunlar istisna hallardır. Yəni, bu, insanın azad istəyi ilə cinsiyyət dəyişdirməsi deyil, yaranışdan olan bəzi qüsurlardır. Əgər bir insanın məsələn, ağız, burun, əl, ayaq və s. bədən üzvlərində kobudluq, eybəcərlik varsa və bu əzalar, bədən üzvləri cəmiyyətdə qınağa, gülüşə səbəb olursa, onların düzəlişini edə bilər. Buna dinimiz qadağa qoymur",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə