Arıqlamaq üçün Oruc tutmağa dində necə baxılır? - QURUM RƏSMİSİ DANIŞDI

“Oruc Allahın əmridir. Hər bir insan orucluğu özünəxas şəkildə qəbul edə və həyata keçirə bilməz. Allah-təala oruc tutmağı və Ramazanın ehtiramını saxlamağı Peyğəmbərinə əmr edib. Bir ay sübh açılandan axşama qədər insan özünü yemək-içməkdən saxlamalıdır. Eyni zamanda, nəfsini və şəhvət hislərini təxirə salmalıdır. Amma hava qaralandan sübhə qədər insan adi həyatında hansı işləri görürsə, onları həyata keçirə bilər. İslam dinimizdə təkid olunur ki, Ramazanda insan yalnız mədəsi ilə oruc tutmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, insan gözü, qulağı, əli, ayağı, hətta qeybətdən uzaq duraraq dili ilə oruc tutmalıdır: “Ona görə də Ramazan orucu insanı tam şəkildə həm cismani, həm də ruhani islah edir. Amma kimsə düşünsə ki oruc pəhrizdir, Ramazan ayında oruc tutub arıqlayaram, həmin adam öz ibadətini dərəcədən salmış olur. Artıq həmin ibadətin savabı itir. Pəhriz etmək, bədəni arıqlatmaqla iş bitmir. Əgər bir insan arıqlamaq niyyəti ilə oruc tutursa, ondan savab qazanmaz. Cismi üçün sağlamlıq əldə edə bilər, amma dini baxımdan savab əldə etməz”.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, oruc bir ibadətdir: “Bu ibadət ilə biz həm sağlamlığımızı qoruyuruq, həm də mənəviyyatımızı qidalandırırıq. İnsan Allahın əmri olaraq orucu ibadət qəbul edir və şərtlərinə əməl etməlidir. İftar açdıqdan sonra səhərə qədər yemək də olmaz. Oruc tutduqda gün ərzində qida qəbul etmədiyimiz üçün mədə sıxılır və iftardan sonra biraz yemək yedikdə dərhal doyuruq. Bu da insana mənən başa salır ki, dünya malına aludə olmaq lazım deyil. Bilməliyik ki, Allahın bəxş etdikləri yalnız bizim deyil, paylaşmaq lazımdır. Hətta iftar süfrəsində özümüz üçün aldığımız ərzaqdan belə qonşulara, yoxsullara pay ayırmalı, xəstələrə baş çəkməliyik. Bu ayın özünəxas ibadət və duaları var ki, onlar icra olunmalıdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə