Aksiyada canlanma müşahidə edilir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. SİA xəbər verir ki, toplanış yerində etirazçıların əhval-ruhiyyəsi yüksəkdir və onların tələbləri dəyişməz olaraq qalır.

Hazırda aksiyada canlanma müşahidə edilir.

Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu da bu dəqiqələrdə aksiya keçirilən ərazidədirlər.

Onlar aksiya ilə tanış olublar. Ekofəallar tələbləri barədə səyyahları məlumatlandırıb.

Bildirilib ki, bu aksiya suveren Azərbaycan ərazisində mədəni sərvətlərin qanunsuz istismarına, talanmasına və daşınmasına qarşıdır.

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər yolun humanitar məqsədlər üçün açıq olmasına, aksiya iştirakçılarının dinc şəkildə şüarlar səsləndirməsinə şahidlik ediblər.

Hazırda ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 55 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə