Gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü qeyd olunub - FOTOLAR

Yanvarın 30-da Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, əvvəlcə Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov tədbirdəki çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafının, daxili sabitliyinin memarıdır və onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmin etibarlı üzvünə çevrilib. Ulu Öndərin müdrik siyasəti və tövsiyələri əsasında mühüm dövlət təsisatlarından biri kimi formalaşan gömrük orqanları Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi institusional islahatlar, innovativ yeniliklər hesabına müasir çağırışlara cavab verən quruma çevrilir.

Qeyd olunub ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanları və onun əməkdaşları 2023-cü ildə də ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin təminatında, gömrük işinin daha səmərəli təşkili, xidmət səviyyəsinin, əlçatanlığın, vətəndaş, sahibkar məmnuniyyətinin artırılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə