"Erməni tör-töküntüləri Azərbaycan ərazisindən çıxmalıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"8 noyabr tarixində ölkə başçısı İlham Əliyev Şuşa şəhərində hərbçilər qarşısında çıxış edərək bir sıra məsələlər üzrə mühüm bəyanatlar səsləndirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, prezidentin bəyanatlarından açıq aydın görünür ki, Azərbaycan bölgədəki siyasi vəziyyətlə bağlı olaraq öz prinsipial mövqeyindən geri çəkilməyəcək: "Fransanın son günlər diplomatik sahədəki hücumları və ya İranın əzələ nümayişi belə Azərbaycanı qorxuda bilməz. Azərbaycan haqq və ədalət uğrunda başladığı mübarizəni axıra çatdırmaqda daha da israrlıdır. Ölkə başçısı öz çıxışında daxili auditoriyaya da mühüm mesajlar verdi. Belə ki, müharibənin bitməsindən 2 il müddətin keçməsinə baxmayaraq hələ də müəyyən narazılıq yaradan məqamlar hələ də qalır. Bu səbəbdən Azərbaycan daha da güclü olmalıdır. İqtisadi qüdrətimizi artırılmalı, hərbi potensialımız gücləndirilməli və milli birliyimiz sarsılmamalıdır. Eyni zamanda, ölkə başçısı Paraqa görüşünün nəticələri olaraq Ermənistanla sülh sazişinin imzalanması haqqında da mühüm mesajlar verdi. Belə ki, ilk öncə Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bölgədə yarımçıq qalmış məsələlər öz həllini tapmalıdır. Daha dəqiq desək, erməni tör-töküntüləri Azərbaycan ərazisindən çıxmalıdır, sərhədlər müəyyən olunmalıdır, reinteqrasiya prosesi başlamalıdır və Zəngəzur dəhlizi açılmalıdır".

Politoloq Amid Əliyev sözlərinə əlavə edərək bildirib ki, bu elementlər ümumilikdə Sülh sazişinin baza prinsiplərini də təşkil edir: "Əgər Ermənistan bu şərtləri yerinə yetirməsə, sonradan baş verə biləcək hadisələrə görə də cavabdehliyi özü daşıyacaq. Azərbaycanın təklif etdiyi sülhün gündəliyi mütərəqqi və beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Nəzərdə tutulan sülh sazişi tam ədalətli olmalıdır. Azərbaycanın anklavda olan əraziləri geri qaytarılmalıdır, sərhədlər müəyyən olunmamalıdır, eməni qanunsuz silahlıları ərazidən çıxmalıdır, qarşılıqlı olaraq ərazilərin tanınması və bir-birinin işlərinə qarışmamaq prinsipi tanınmalıdır. Bunlar ədalətli sülhün əsas baza elementləridir. Ermənistan 30 il ərzində Azərbaycana vurduğu ziyanı tam şəkildə ödəməlidir. Minalı əraziləri tam və dəqiq şəkildə özündə əks etdirən xəritələr Azərbaycana qaytarılmalıdır. 4 minə yaxın azərbaycanlının taleyi müəyyən olunmalıdır. Azərbaycan heç bir zaman bu prinsiplərdən kənara çıxış edə biləcək maddələri sülh sazişinin mətninə salmayıb. Qarabağda yaşayan ermənilərin hüquqi statusu isə Azərbaycanın daxili işidir və bununla bağlı heç bir dövlət və ya təşkilatla danışıqlar aparılmayacaq.
Ermənistan dövləti və cəmiyyəti eləcə də ona havadarlıq edən dairələr nə qədər bunu tez dərk etsələr, bir o qədər yaxşı olar. Ədalətli sülhün tərəfdarı olan Azərbaycan müəyyən müddət daxilində Ermənistan tərəfindən konstruktiv addımların atılmasını gözləyir. Əks halda Azərbaycan BMT 51 maddəsini və 10 noyabr Bəyanatını əldə rəhbər tutaraq müvafiq tədbirləri icra etməli olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə