"Ermənilər yeni reallığa uyğun yaşamalıdır" DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasina verdiyi müsahibədə olduqca vacib məqamlara toxundu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Ermənistana növbəti sərt xəbərdarlıq edildi: "Laçın dəhlizinə paralel alternativ yolun açılması ilə bağlı ölkə prezidenti Azərbaycanın bu istiqamətlərdə addımlar atdığını və Ermənistan tərəfindən olan yolun inşasının Azərbaycanın üzərinə götürülməsi ilə bağlı təklifi irəli sürüldüyünü bildirdi. Lakin Ermənistan tərəfi razı olmadı. Avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərinin ermənilər tərəfindən boşaldılması üçün vaxt verildiyini də ölkə Prezidenti bildirdi və ermənilərin xahişi əsasında bu addımın atıldığını da səsləndirmiş oldu. Prezident İlham Əliyev Ermənistanın Laçın şəhərində və ətraf kəndlərdə qanunsuz məskunlaşmanın həyata keçirməsini hərbi cinayət adlandırdı. Həqiqətən də cənab Prezidentin də qeyd etdiyi kimi, Cenevrə konvensiyalarına əsasən, işğalçı ölkə işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma həyata keçirirsə, bu, hərbi cinayətdir. Ermənistanın da belə bir hərbi cinayət etdiyini ölkə prezidenti səsləndirmiş oldu. Ən vacib məqam Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycan Prezidenti qeyd etdi ki, yaxın zamanlarda Ermənistan tərəfindən Zəngəzur dəhlizinin marşrutu ilə bağlı təklif gözlənilir. Bu da ona göstərir ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan tərəfi qətiyyətlidir. Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin bütün seqmentlərini artıq formalaşdırıbdır. Ermənistan tərəfi də bu istiqamətdə məcburi addım atacağı şübhəsizdir. Azərbaycan prezidenti həmçinin Ermənistanın artıq manevr etmək imkanın olmadığını qeyd etdi. Avqustun əvvəlində Azərbaycan ərazisində yaşayan ermənilərin təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələrin bir əsgərinin şəhid olmasına cavab verərək Qisas əməliyyatı həyata keçirdi. Əməliyyatın keçirilməsindən bəhs edən ölkə Prezidenti bundan sonra da ermənilərin Azərbaycana təxribatlarına sərt cavab verəcəyini dedi. Ermənistan artıq Azərbaycanın cavablarının onlar üçün necə acınacaqlı olduğunun fərqindədir".
Deputat Elşad Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək öz mövcudluqlarını davam etdirə bilərlər: " Onlara hər hansı bir əlavə statusun və ya imtiyazların verilməsindən söhbət gedə bilməz. Azərbaycan ərazisində digər xalqlar hansı hüquqlara malikdirsə, ermənilərdə həmin hüquqlara malik olmaqla Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər. Ermənistanın Azərbaycanla bundan sonrakı mərhələdə münasibətlərin tənzimlənməsi istiqamətində Azərbaycanın şərtlərinə uyğun davranmaqdan başqa çıxış yolu yoxdur. Müasir post-münaqişə mərhələsinin reallıqları aydın göstərir ki, Azərbaycan öz güclü mövqeyində daha da möhkəmlənir. Azərbaycanın hərbi, siyasi, iqtisadi gücü bütün ərazilərimizin effektiv nəzarət edilməsinə imkan verir. Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycanın yaratmış olduğu yeni reallıqlara uyğun yaşaması onlar üçün daha düzgün seçimdir. Prezidentimiz Azərbaycan mövqelərinin güclü olduğunu bir daha ifadə etmiş oldu. Eyni zamanda, Ermənistana sərt xəbərdarlıq edərək, onları təxribatlardan uzaq durmağa Azərbaycana olan ərazi iddialarından tam şəkildə əl çəkməyə və əldə olunmuş razılaşmaların şərtlərinə uyğun davranması üçün xəbərdarlıq etdi".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə