Prezident xalqımız üçün əlindən gələni edir - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə seçicilərin 86,02 % səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2018-cü il aprelin 18-də vəzifəsinin icrasına başlayıb. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Bəs görək şəhər sakinləri Prezidentin fəaliyyəti ilə bağlı nə düşünür. SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Fəridə Əliyeva: "Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı xoş fikirlərim var. Çünki İlham Əliyevin səyi, strategiyası nəticəsində 30 illik həsrətimiz sona yetdi. Onun sayəsində ölkəmizlə bağlı mühüm məsələlər öz həllini tapdı. Azərbaycan xalqı olaraq daim İlham Əliyevin yanındayıq".

Şəhər sakini Əlisəmid Kür: "Hər şey göz qabağındadır. Aprel döyüşlərinin başlanğıcı olduğu İkinci Qarabağ Müharibəsi Prezident İlham Əliyevin Azərbaycan üçün nələr etdiyini göstərdi. Ordumuzla birgə İlham Əliyevin xüsusi rolu sayəsində torpaqlarımız azad olundu. Ölkəmiz inkişaf edir, xalqımız üçün sərəncamlar, fərmanlar imzalanır. Azərbaycan xalqı İlham Əliyevin ölkə başçılığından kifayət qədər razıdır".

Şəhər sakini Roza Eyyubova: "Təbii ki, sadə xalq olaraq siyasi məsələləri dərindən bilmirik. Amma 44 günlük müharibə zamanı dövlətimizin, Prezidentimizin fəaliyyətinin şahidi olduq. Mən anladım ki, Qarabağ həm xalqımız üçün, həm də İlham Əliyev üçün çox dəyərlidir. İlham Əliyevə Prezident seçildiyi ilk gündən dəstək olmuşuq, bundan sonra da dəstək olmağa davam edəcəyik".

Şəhər sakini İlham Ağalar: "Prezidentin son 4 illik fəaliyyəti əsas olaraq Qarabağın azad olunması ilə yadda qaldı. Prezidentin fəaliyyəti göz qabağındadır. İlham Əliyevin yalnız daxili deyil, həmçinin xarici siyasətdə də uğurları çoxdur. Ona görə də xalq da onun ətrafında dəmir yumruq kimi birləşib".

Şəhər sakini Təranə Sultanzadə: "Ulu Öndər Heydər Əliyev və onun varisi Prezident İlham Əliyev hər zaman ölkəmiz, xalqımız üçün çalışıb. Belə bir lider dövlətimizi günü-gündən irəli aparır. İlham Əliyevi daim ölkəmizin başında görmək istəyirik. Xalq da İlham Əliyevi sevir və dəstəkləyir".

Şəhər sakini Qoşqar Mirzəyev: "Bu son dörd il ərzində Azərbaycanda görünməmiş hadisə baş verdi. İşğal altında olan torpaqlarımız azad olundu. İlham Əliyev Qarabağın fatehi oldu. Eyni zamanda, xalqın rifahı yaxşılaşdırılıb. Cənab Prezident xalqımız üçün əlindən gələni edir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə