ATƏT öz prinsiplərinin təmin olunmasına çalışmalıdır - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur". Bu sözləri SİA-ya açıqalamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilk dəfə olaraq, 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır: "Bu təşkilatla əlaqələrin qurulması digər beynəlxalq qurumlarla olduğumu kimi Azərbaycan xarici siyasətində prioritetlərdən olmuşdur. Əlbəttə ki, ATƏT üçün də Azərbaycan regionda sülhü, sabitliyi təlqin edən dövlət olaraq önəm daşıyır. Uzun illər ATƏT-in nəzdində yaradılmış Minsk qrupu Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün fəaliyyət göstərmişdir. Bu fəaliyyət Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi baxımından çox uğurlu olmasa da, bu təşkilatın Avropa məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən etdiyini nəzərə alsaq, əlaqələrin normal səviyyədə saxlanılmasının əhəmiyyətli olduğunu deyə bilərik. ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfərini regionda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcəyini düşünürəm. Bu təşkilatların üzərinə düşən əsas öhdəlik bölgədə sülh üçün daimi təhdid rolunu oynayan Ermənistana "ağıl vermək"dir. Azərbaycan münaqişəni elə bu təşkilatın özünün də 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktında ehtiva olunan prinsiplərinə uyğun şəkildə həll etdi. Sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü həmin aktda rəhbər prinsiplər olaraq müəyyən edilib ki, bu prinsiplərin dinc yolla təmin olunması üçün dövlətimiz 30 il səbr edib. Bundan sonra üçün ATƏT "Suveren bərabərlik və suverenliyə xas olan hüquqlara hörmət" prinsipinin təmin olunmasına çalışmalıdır. Ümid edirəm ki, sözü gedən səfər məhz həmin prinsipin qorunmasına töhvə verəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə