Azərbaycan–Türkmənistan münasibətləri: strateji tərəfdaşlıq və Türk dünyasının birliyi - DEPUTAT
"Azərbaycan-Türkmənistan münasibətləri son zamanlar yüksələn xətlə inkişaf edir. Təbii ki, Türkmənistan-Azərbaycan münasibətləri hər şeydən öncə mehriban qonşuluq və qardaşlıq münasibətlərinə əsaslanır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, Türkmənistan Azərbaycanın Xəzər dənizinin o biri sahilində yerləşən çox mühüm qonşusudur. Türkmənistan Türk dünyasının və türk coğrafiyasının ayrılmaz hissəsidir: "Eyni zamanda, Böyük Avrasiyada, Mərkəzi Asiyanın mərkəzində yerləşən strateji əhəmiyyətli ölkədir.
Məlumdur ki, Türkmənistan qaz və digər təbii ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrindən biridir. Çox təqdirəlayiqdir ki, belə zənginliklərə malik, strateji mövqedə yerləşən ölkə məhz Türk dünyasının tərkib hissəsidir və Azərbaycanla dostluq münasibətlərinə malikdir.
Cənab Prezidentin bu dəfəki səfərini çox tarixi və əhəmiyyətli hesab edirəm.
Türkmənistan Orta Dəhliz üzərində yerləşir. Xəzər dənizinin şərq sahilində Türkmənistan, qərb sahilində isə Azərbaycan yerləşdiyinə görə biz Xəzərin iki sahilini birləşdirən iki qardaş və dost ölkəyik.
Orta Dəhlizin Türkmənistan ərazisindən, xüsusilə də Türkmənistanın dəniz limanlarından keçməklə Transxəzər xəttinin səmərəli fəaliyyət göstərməsi Azərbaycanla Türkmənistan arasında münasibətlərin yaxşı olmasını zəruri edir. Dəhlizin məhz orta hissəsi, yəni Türkmənistandan keçərək Xəzər dənizi vasitəsilə Azərbaycana çıxan marşrut, həm şimalda, həm də cənubda baş verən müharibələr və gərginliklər fonunda xüsusi əhəmiyyət kəsb edir.
Türkmənistan, eyni zamanda, Avropa və Qərb üçün Böyük Avrasiya regionuna çıxış baxımından çox önəmlidir. Hazırkı dövrdə, yenə də qeyd etdiyim kimi, həm şimalda, həm də cənubda baş verən müharibələrin yaratdığı gərginliyi nəzərə alsaq, Azərbaycan üzərindən Türkmənistana və oradan Böyük Avrasiya regionuna çıxış Qərb, ABŞ və Avropa üçün böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, Mərkəzi Asiyada, o cümlədən Türkmənistanda müasir texnologiyaların, elektronikanın, çiplərin istehsalı, süni intellektin və rəqəmsal texnologiyaların inkişafı, eləcə də qabaqcıl texnologiyalar üçün zəruri olan təbii ehtiyatlar mövcuddur. Nadir metallar da məhz bu coğrafiyanın strateji əhəmiyyətini artıran resurslardandır.
Ona görə də hazırda Azərbaycan-Türkmənistan əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır və dünya miqyasında bizim önəmimizi gücləndirir.
Bu baxımdan, Azərbaycan-Türkmənistan birliyi həm də Türk dünyasının gücü və inkişafı deməkdir.
Türkmənistan əvvəllər Türk Dövlətləri Təşkilatının üzvü olmadan iştirak etmək məsələsində müəyyən tərəddüdlər nümayiş etdirirdi. Türkmənistanın bu təşkilatda iştirak edib-etməməsi ilə bağlı müxtəlif fikirlər mövcud idi. Lakin hazırkı dövrdə, ən azı, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edən Türkmənistan, xüsusilə Azərbaycanın və təşkilatın verdiyi stimul və töhfələr sayəsində Türk Dövlətləri Təşkilatına, Türk dünyasına və türk coğrafiyasına daha böyük maraq göstərir və bu istiqamətdə daha fəal iştirak etməyə meyil edir.
Türkmənistan bizim üçün Mərkəzi Asiyaya çıxış baxımından da önəmlidir. Eyni zamanda, Hind okeanına və Hindistan yarımadasına çıxış imkanları baxımından da strateji əhəmiyyət daşıyır. Çünki Türkmənistan Əfqanıstanla həmsərhəddir. Bu coğrafi mövqe Əfqanıstan və Pakistan üzərindən Hindistan yarımadasına, oradan isə Hind okeanına çıxış imkanları baxımından əhəmiyyətlidir.
Bildiyiniz kimi, Yaxın Şərqdə vəziyyət elə bir gərginliyə çatıb ki, Fars körfəzi vasitəsilə Hind okeanına çıxış imkanları ilə bağlı ciddi risklər yaranıb. Belə şəraitdə quru ərazilər üzərindən alternativ marşrutların əhəmiyyəti artır.
Türkmənistanın coğrafi mövqeyi ona görə də xüsusi əhəmiyyət daşıyır ki, Mərkəzi Asiya ərazisindən keçən marşrutlar vasitəsilə, bəzi dağlıq əraziləri yan keçməklə, Türkmənistandan Əfqanıstana, oradan Pakistana və Hindistan yarımadasına, beləliklə də Hind okeanına çıxış imkanları nəzərdən keçirilə bilər.
Bu baxımdan, Türkmənistanın geosiyasi və coğrafi əhəmiyyəti bizim üçün böyükdür.
Bir sözlə, Azərbaycan-Türkmənistan qardaşlığının inkişafı üçün çoxsaylı əlavə imkanlar mövcuddur. Neft və qaz, bərpa olunan enerji, Transxəzər boru kəmərləri, Transxəzər nəqliyyat xətləri, elektrik enerjisi və alternativ enerji ötürücü xətləri, yaşıl enerji, yaşıl hidrogen energetikası və digər sahələr əməkdaşlığın əsas istiqamətləri ola bilər.
Bununla yanaşı, dünya üçün böyük əhəmiyyət daşıyan nadir metallar, qabaqcıl texnologiyalar, süni intellekt və rəqəmsal texnologiyalar üçün tələb olunan materiallar və nadir təbii ehtiyatlar da Azərbaycan-Türkmənistan münasibətləri kontekstində nəzərdən keçirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB