"BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyasında Azərbaycanın həmmüəllifliyi və fəal təşəbbüsü ilə qəbul edilmiş “Piyadaəleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi” adlı qətnamə həm beynəlxalq hüquq, həm də regional post-münaqişə reallıqları baxımından strateji əhəmiyyət kəsb edir. Bu addım Azərbaycanın yaratdığı yeni geosiyasi və hüquqi müstəvidə kompleks şəkildə dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlama deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mina problemi uzun müddət yalnız hərbi-texniki və ya sırf humanitar təmizləmə məsələsi kimi qəbul edilirdisə, Bakı bu qətnamə ilə məsələni doğrudan-doğruya fərdlərin fundamental insan hüquqlarının pozulması müstəvisinə keçirmişdir:
"Minalanmış ərazilər mülki əhalinin yaşamaq və təhlükəsizlik hüququnu birbaşa təhdid edir, yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına təhlükəsiz qayıdışını, mülkiyyət hüququndan istifadəsini və azad olunmuş rayonlarda sosial-iqtisadi infrastrukturun qurulmasını ləngidir. Qətnamə beynəlxalq hüquq prioritetləri sırasına humanitar minalardan təmizlənməni insan hüquqlarının əsas təminatçılarından biri kimi daxil edir. Azərbaycan post-münaqişə dövründə yalnız problemlərdən gileylənən tərəf kimi deyil, qlobal gündəliyi müəyyənləşdirən hüquqi donor rolunda çıxış edir. Ölkəmiz bundan əvvəl BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci Xüsusi Məqsəd kimi “Humanitar Minalardan Təmizləmə” ideyasını irəli sürmüşdü. Bu mənada İnsan Hüquqları Şurasındakı bu qətnamə əslində həmin təşəbbüsün beynəlxalq institutlar səviyyəsində sistemləşdirilməsinin məntiqi davamıdır. Həmmüəlliflik və fəal diplomatik təbliğat göstərir ki, Azərbaycan mina təhlükəsindən əziyyət çəkən onlarca ölkənin vahid platformada səslərini ucaltmasına öncülük edir.
Yeni reallıqlar fonunda Azərbaycan Ermənistanın 30 illik işğal dövründə kütləvi şəkildə həyata keçirdiyi minalama siyasətinin hüquqi cavabdehliyini davamlı olaraq beynəlxalq gündəlikdə saxlayır. Dəqiq mina xəritələrinin verilməməsi və ya təqdim olunan формулярların aşağı dəqiqliyi insan hüquqlarının şüurlu şəkildə pozulması kimi qiymətləndirilir. BMT İHŞ səviyyəsində bu cür sənədlərin qəbulu gələcəkdə beynəlxalq Məhkəmələrdə Ermənistana qarşı qaldırılan iddianamələrin və təzminat tələblərinin hüquqi bazasını ciddi şəkildə möhkəmləndirir.
Qətnamənin xüsusi vurğuladığı digər aspekt isə zərərçəkənlərə yardımın gücləndirilməsidir. Mina partlayışları nəticəsində əlil olmuş, fiziki və psixoloji travma almış şəxslərin reabilitasiyası və sosial adaptasiyası qlobal dəstək tələb edir. Azərbaycan öz daxili imkanları hesabına böyük təmizləmə və reabilitasiya işləri aparsa da, bu sənəd beynəlxalq donorları, donor təşkilatları və texnoloji mərkəzləri prosesə daha fəal maliyyə, texniki və institusional dəstək verməyə çağırır. Yaradılmış yeni reallıqlarda bu qətnamə göstərir ki, Azərbaycan zəfərdən sonra yalnız hərbi-siyasi sahədə deyil, qlobal hüquqi və humanitar diplomatiya müstəvisində də təşəbbüsü tam şəkildə öz əlində saxlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB