Azərbaycan-Türkmənistan münasibətləri: tarixi qardaşlıqdan strateji tərəfdaşlığa doğru inkişaf yolu - DEPUTAT
"Türkmənistan-Azərbaycan münasibətləri dərin tarixi köklərə söykənən, ortaq etnik kök, dil və ənənələrdən qaynaqlanan təbii müttəfiqlik və qardaşlıq münasibətləridir. 2017-ci ildə isə Türkmənistan və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ilə bu tarixi ənənələr real hüquqi müstəviyə transfer edilibdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, son illərdə iki dost və qardaş ölkə arasında həm iqtisadi sahədə, həm də kommunikasiya və yükdaşımalar sahəsində münasibətlər daha da intensivləşib, daha dinamik xarakter alıbdır: "Hazırkı mərhələdə Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində Transxəzər marşrutu ideyasının ortaya çıxması ilə Türkmənistan-Azərbaycan münasibətləri də yeni, daha dinamik və daha böyük potensiala malik imkanlar əldə edib.
Azərbaycan Prezidenti və Türkmənistan Prezidenti, eyni zamanda, Türkmənistanın milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında xüsusi münasibətlər mövcuddur. Qardaş ölkənin milli lideri işğaldan azad olunmuş ərazilərimizdə məktəb inşa etdirib. Azərbaycan daim Türkmənistanda humanitar və mədəni layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Hətta 2026-cı ilin yay aylarında Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib, Azərbaycanda isə bundan əvvəl Türkmənistan Mədəniyyəti Günləri təşkil olunub.
Ona görə də bu münasibətlər həm mədəni-humanitar və sosial sahələrdə, həm də iqtisadi sahədə getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. İki ölkə arasında münasibətlər üzrə komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar keçirməklə əlaqələrimizin daha da dərinləşməsi üçün mümkün ideyaları layihələrə çevirərək həyata keçirir.
Türkmənistanla Azərbaycan arasında yükdaşımaların həcmi artıq iki milyon yarım rəqəmini geridə qoyubdur. Bu, 2025-ci ildə özlüyündə mühüm iqtisadi göstəricidir, amma iki ölkə arasında iqtisadi əməkdaşlığın tam potensialını əks etdirmir.
Önümüzdəki mərhələdə Türkmənistanın Azərbaycan üzərindən Avropaya və Türkiyəyə çıxışı üçün də yeni imkanlar yaranıbdır. Bu məsələlər həm qardaş ölkə, həm də Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir.
Eyni zamanda, Türkmənistan və Azərbaycanın əməkdaşlığı müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə dərinləşir. Buraya Orta Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar daxildir. İki ölkə bu təşkilatlarda daim ortaq mövqedən və ümumi maraqlardan çıxış edərək xalqlarımızın ümumi rifahı naminə müxtəlif qərarların qəbul edilməsinə töhfə verir.
Azərbaycan Prezidentinin Türkmənistana səfəri zamanı münasibətlərin yeni mərhələyə yüksəlməsi gözlənilir. Çünki Türkmənistan Xəzəryanı ölkələrlə əlaqələrimizdə mühüm qonşu ölkədir. Xəzər dənizində bəzi mərkəzlərin yaratdığı su əraziləri ilə bağlı mübahisələrə Türkmənistan və Azərbaycan qardaşcasına son qoymağı bacarıblar. Bu da münasibətlərimizin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəlməsinə səbəb olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB