“Böyük Qayıdış və azad edilmiş ərazilərin bərpası əsas prioritetlərdəndir” - DEPUTAT DANIŞDI

“Böyük Qayıdış və azad edilmiş ərazilərin bərpası əsas prioritetlərdəndir” - DEPUTAT DANIŞDI

”Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutmaqla yanaşı, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm rol oynayır. Hakim partiyanın qurultayda qəbul etdiyi qərarlar cəmiyyətdə böyük maraq doğurur. Bu tədbir təkcə görülmüş işlərin qiymətləndirilməsi deyil, həm də ölkənin qarşısında duran yeni vəzifələrə uyğun siyasi fəaliyyət modelinin formalaşdırılması baxımından vacib platformadır”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən ölkənin ictimai-siyasi həyatında mühüm mövqeyə malik olub:

”Müasir dövrdə yaranan yeni reallıqlar və çağırışlar isə partiyanın fəaliyyətində yenilənmiş yanaşmaların tətbiqini zəruri edir.

M.İbrahimqızı vurğulayıb ki, VIII Qurultayın əsas nəticələrindən biri burada müəyyənləşdirilən hədəflərin praktik fəaliyyətə çevrilməsi olmalıdır. Azərbaycanın yeni inkişaf mərhələsində siyasi təşkilatların cəmiyyətin dəyişən tələblərinə və müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, qarşıdakı mərhələdə gənclərlə işin daha da gücləndirilməsi, ideoloji fəaliyyətin müasir tələblər əsasında qurulması, ictimai dialoqun genişləndirilməsi, vətəndaş müraciətlərinə həssas münasibətin göstərilməsi və siyasi təşkilatlarla cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi əsas diqqət mərkəzində saxlanılmalıdır.

Deputat bildirib ki, postmüharibə dövründə Azərbaycanın əldə etdiyi yeni imkanlarla yanaşı, regional və qlobal səviyyədə meydana çıxan çağırışlar da ölkənin siyasi gündəliyində mühüm yer tutur. Bu baxımdan Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli istiqamət verir.

M.İbrahimqızının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması və əhalinin rifahının yüksəldilməsi əsas vəzifələr sırasındadır. Bununla yanaşı, ölkənin təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqların qorunması da xüsusi önəm daşıyır.

Deputat qeyd edib ki, qurultayda səsləndirilən fikirlər gələcək fəaliyyətin əsas istiqamətləri barədə mühüm mesajlar verir. Bununla belə, tədbirin nəticələri yalnız qəbul olunan qərarlarla ölçülməməlidir. Əsas məsələ müəyyənləşdirilmiş vəzifələrin yerlərdə hansı səviyyədə icra olunması və konkret nəticələr verməsidir.

Onun fikrincə, VIII Qurultay partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələdə hər bir partiya üzvünün, xüsusilə vətəndaşlarla birbaşa ünsiyyətdə olan şəxslərin qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində fəal iştirakı vacibdir.

M.İbrahimqızı YAP-ın siyasi tarixində qazanılan nailiyyətlərin partiyanın yarandığı gündən formalaşan siyasi xəttlə sıx bağlı olduğunu da diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının təsis qurultayı ölkəmizin sonrakı qələbələrinə aparan yolun başlanğıc nöqtələrindən biri olub. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların yaratdığı partiya sonrakı illərdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb.

Deputat əminliyini ifadə edib ki, VIII Qurultay YAP-ın fəaliyyətində yeni yanaşmaların tətbiqinə, daha çevik və müasir iş mexanizmlərinin formalaşmasına təkan verəcək. Onun sözlərinə görə, Azərbaycanın qarşısında geniş quruculuq və inkişaf hədəfləri dayanır. Bu məqsədlərə nail olmaq üçün siyasi sabitliyin, dövlətçilik ənənələrinin və cəmiyyətlə sağlam münasibətlərin qorunması mühüm şərtlərdəndir.

M.İbrahimqızı əlavə edib ki, mürəkkəb geosiyasi proseslərin davam etdiyi müasir dünyada yaranan yeni imkanları düzgün qiymətləndirmək və onlardan ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafı naminə səmərəli istifadə etmək qarşıdakı dövrün əsas vəzifələrindən biri olmalıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə