"Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji prioritetlərini və gələcək hədəflərini müəyyənləşdirdi" - POLİTOLOQ DANIŞDI

"Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji prioritetlərini və gələcək hədəflərini müəyyənləşdirdi" - POLİTOLOQ DANIŞDI

"Partiya sadəcə seçki təşkilatı olmayıb, idarəçilik və cəmiyyət arasında vasitəçi institut kimi əsas mənbələrdən biridir. Partiyaların təşkilati modeli zamanla dəyişir. Lakin onun əsas funksiyası cavab vermə qabiliyyətinə malik olmasıdır.
Yəni, hesabatlılıq son dərəcə mühüm amildir. Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında söylədiyi nitqə qulaq asarkən, əgər bir suala cavab tapmaq istənilirdisə, düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bu suala tam və dolğun cavab verdi, hesabatdan isə üzüağ, alnıaçıq çıxdı. Cavab sadədir. Çünki məhz Yeni Azərbaycan Partiyasının iqtidarlığı ilə Azərbaycan dövləti və cəmiyyəti bugünkü reallığı yaratmağı bacardı. Yeni Azərbaycan Partiyasının özünün təbiəti və yaradılış fəlsəfəsi kimi VII qurultay da tarixi hadisə idi, Azərbaycanın tarixi Zəfərindən cəmi bir neçə ay sonra keçirilmişdi. VIII qurultay isə tamamilə yeni reallıqlar kontekstində keçirildi. Deməli, YAP yenə ölkə və dünya gündəmində hadisəyə çevrilməyi də, hadisə yaratmağı da bacardı".

Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, dövlət başçımızın çıxışı, bu günə qədər Azərbaycanın əldə etdiyi nailiyyətlər göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi istiqamətində fundamental addımlar atıb, əməli iş ərsəyə gətirib. Məhz bu iqtidar partiyasının şərəfli missiyanı yerinə yetirməsinin nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının sədri “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə “Qarabağ Azərbaycandır!” dedirtməyi bacardı. Şübhəsiz ki, bütün bunlar Ermənistanın xoş niyyətinin təzahürü deyil. Bu, Azərbaycan Liderinin qətiyyətinin, siyasi səriştəsinin, üstün liderlik keyfiyyətlərinin, həmçinin siyasətdə emosional intellektual kimi hərəkət etməsinin nəticəsidir. Buna görə də dövlət başçımızın çıxışı həm də çağırış və səsləniş idi. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu nümunəvi idarəçilik modelinə layiq davranmalıdır. YAP-da hər kəsin özünü siravi əsgər kimi görməyinin nəticəsidir ki, Sədr partiya fəallarının işini də yüksək dəyərləndirdi. Monolit birlik daha möhkəm əsaslarla davam etdirilməlidir:

"Azərbaycan Lideri Azərbaycan xalqının heysiyyətinə toxunanları heç vaxt unutmamalı olduğumuzu bildirdi. Ona görə də Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz bu tarixi həqiqətləri həmin o tərəflərin qarşısında qaldırmalıyıq.

Qurultay boyu dövlət başçımız çıxışını iki əsas istiqamət üzrə qurdu. Partiyanın təsis qurultayı və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər keçdiyi keşməkeşli yol. Həmçinin gələcəyə istiqamətlənmiş strateji vizyonumuzu da dövlət başçımız düzgün müəyyənləşdirirdi.

Azərbaycan sülhdə maraqlıdır. Aparılan danışıqların məqsədi də bundan ibarətdir. Lakin təhlükəsizliyin müxtəlif aspektləri ilə bağlı Azərbaycana yönələn təhdidlər olarsa, o zaman Azərbaycan həm hərbi, həm də ideoloji baxımdan hazır dayanmağı yeganə yol kimi dəyərləndirir və bu istiqamətdə qətiyyətli addımlar atır.

2020-ci ilə qədər olan yol çətin bir yol idi. Bu yolun sonu Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələndi. Təbii ki, 2023-cü il Zəfərini əldə etmək üçün 2020-ci ildən başlayaraq fundamental əsaslı işlər ortaya qoyulmalı idi. Çünki Zəfərdən sonra təzyiq və təhdid kampaniyaları Azərbaycana qarşı davamlı əsasda atılırdı. Bu istiqamətdə dövlət başçımız uzaqgörən addımlar ataraq 2023-cü ilin sentyabrı üçün fundament formalaşdırmağı bacardı. 2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan separatist ocaqlardan birini məhv edərək Cənubi Qafqaza sülhün dayanıqlı əsaslarla gətirilməsi istiqamətində tarixi bir addım atdı. Məhz bu məqamda dövlət başçımız çox düzgün və yerində vurğuladı ki, Azərbaycan harada başlayıb, necə davam edəcəyini və harada dayanacağını çox aydın bilən, dərk edən və siyasəti düzgün, sayıq dəyərləndirərək addımlar atan aktordur.

Bu gün Azərbaycan müdafiə və təhlükəsizlik xərcləri baxımından böyük vəsaitlər sərf edirsə, bu, Azərbaycanın müharibə istəyindən irəli gəlmir. Azərbaycan siyasi reallıqları aydın dərk edərək özünü qarantiya altına almaq məcburiyyətindədir. Çünki məlum məsələdir ki, siyasi, iqtisadi, hərbi və indiki durumda ideoloji baxımdan təhlükəsiz, sabit və möhkəm olan aktor üzərində təzyiq formalaşdırmaq heç də asan deyil. Dövlət başçımız bu baxımdan həmin bu amili çəkindirmə siyasəti kimi xarakterizə etdi desək, yanılmırıq.

Bu gün Azərbaycan dünyanın böyük gücləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Habelə, regional aktorlarla münasibətlərimizin müsbət xətt üzərində irəliləməsi baxımından düşünərək addımlar atır. Azərbaycan ölkənin zəngin ehtiyatlarından şüurlu istifadə edərək bu və ya digər aktorların təsiri altına düşməmək üçün siyasət yürüdür.

Dövlət başçımızın çıxışında bir istiqamət olduqca mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan demokratik respublikadır. Azərbaycanda din dövlətdən ayrı idarə olunur. Dövlət idarəçiliyinə dinin gətirilməsi yolverilməzdir. Bu baxımdan da Azərbaycan Cənubi Qafqaz kimi mürəkkəb bir regionda, həmçinin getdikcə mürəkkəbləşən dünyada nümunəvi idarəçilik modeli ortaya qoyur.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin fikirləri tam yerində, zamanında və məkanında idi. Bu konseptual əsaslı fikirlərin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirilməsi də heç təsadüfi olmayan, korrekt atılan addım idi".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə