“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir” -GÜNDÜZ İSMAYILOV

“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir” -GÜNDÜZ İSMAYILOV

“Milli-mənəvi dəyərlərin təbliği, dini radikalizmlə mübarizə və dini maarifləndirmə işinin təşkili istiqamətində mütəmadi olaraq silsilə tədbirlər keçirilir. Bu tədbirlərin aidiyyəti dövlət qurumları ilə birgə təşkili xüsusi əhəmiyyət daşıyır”.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. Əvvəlki tədbirlərdə də gənclərin dini maarifləndirmə sahəsində biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği və bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi məsələlərinə diqqət yetirilib.

Bugünkü tədbir də cəmiyyət üçün aktual olan gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzusuna həsr olunub. Bu anlayış yalnız gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini, xalqımıza və dinimizə sağlam münasibətin formalaşdırılmasını deyil, həm də sosial şəbəkələr vasitəsilə maarifləndirmə işinin genişləndirilməsini əhatə edir.

Konfransda ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin bu prosesdə rolu müzakirə olunur. Eyni zamanda, din xadimlərinin, dini icmaların və ilahiyyatçıların gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfəsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının yerli strukturlarının nümayəndələri, ölkənin müxtəlif bölgələrindən din xadimləri, dini icma sədrləri və bu sahədə fəal iştirak edən ilahiyyatçılar iştirak edirlər.

Əsas məqsəd ailə, təhsil və cəmiyyət institutlarının, eləcə də dini icmaların bu istiqamətdə fəaliyyətini daha səmərəli əlaqələndirmək, media və sosial şəbəkələrin imkanlarından istifadə etməklə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğini gücləndirməkdir.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi günümüzün aktual məsələlərindən biridir. Bu səbəbdən aidiyyəti qurumlarla əməkdaşlığın daha da genişləndirilməsi və din xadimləri ilə işin gücləndirilməsi vacib hesab olunur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə