“Avaza görüşü Azərbaycan–Türkmənistan əməkdaşlığında yeni imkanlar açır“ - ŞƏRH

“Avaza görüşü Azərbaycan–Türkmənistan əməkdaşlığında yeni imkanlar açır“ - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və Avazada keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşündə iştirakı iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərini gündəmə gətirir. Xüsusilə nəqliyyat və tranzit, enerji, ticarət və logistika sahələrində mövcud imkanlardan daha səmərəli istifadə Azərbaycan–Türkmənistan əlaqələrində yeni mərhələnin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

Azərbaycan və Türkmənistanın Xəzər dənizinin iki sahilində yerləşməsi onların Orta Dəhliz və Şərq–Qərb nəqliyyat bağlantılarında əməkdaşlığını daha da aktuallaşdırır. Eyni zamanda, enerji sahəsində birgə layihələrin həyata keçirilməsi, tranzit imkanlarının genişləndirilməsi, rəqəmsal əlaqələrin inkişafı və qarşılıqlı ticarətin artırılması üçün hələ də istifadə olunmamış potensial mövcuddur.

Bəs Azərbaycan–Türkmənistan münasibətlərində hansı yeni imkanlar açılır? İki ölkə arasında əməkdaşlıqda mövcud boşluqlar, xüsusilə ticarət, tranzit, enerji və logistika sahəsində hansı addımlarla aradan qaldırıla bilər? Avaza görüşü bu istiqamətdə konkret layihələrin həyata keçirilməsi üçün hansı imkanları yaradır?

Bu istiqamətdə SİA-ya açıqlama verən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və Avazada Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycan–Türkmənistan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm hadisədir.

Ekspertin sözlərinə görə, xüsusilə diqqət çəkən məqam siyasi dialoqun artıq konkret iqtisadi, nəqliyyat, enerji və logistika layihələri ilə tamamlanmasıdır.

“Azərbaycan–Türkmənistan əməkdaşlığında əsas məsələ mövcud potensialın real iqtisadi nəticələrə çevrilməsidir. Bunun üçün ilk növbədə Xəzər üzərindən nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə edilməlidir. Azərbaycan və Türkmənistanın liman infrastrukturu Orta Dəhlizin Xəzər seqmentində mühüm bağlantı yaradır. Bu xətt vasitəsilə Mərkəzi Asiyanın yüklərinin Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çıxarılması, eyni zamanda əks istiqamətdə yüklərin Mərkəzi Asiya bazarlarına çatdırılması üçün imkanlar genişdir”, – deyə B.Quliyev qeyd edib.

Ekspert bildirib ki, bu istiqamətdə artıq praktiki addımlar da atılır. Onun sözlərinə görə, iyun ayında Azərbaycan və Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin texniki şərtləri, həmçinin gömrük statistikası üzrə əməkdaşlıq protokolu imzalanıb. 2026-cı ilin iyulundan eTIR sisteminin tranzit daşımalarında tətbiqinə başlanılması isə rəqəmsallaşmanın real nəqliyyat prosesinə çevrildiyini göstərir.

B.Quliyev enerji sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında energetika sahəsində əməkdaşlıq haqqında sazişin təsdiqlənməsi bu istiqamətdə yeni imkanlar yaradır.

“Burada söhbət yalnız enerji resurslarının ticarətindən deyil, onların nəqli, tranziti və regional enerji təhlükəsizliyinə töhfə verə biləcək mexanizmlərin inkişafından gedir”, – deyə ekspert əlavə edib.

Siyasi ekspert ən vacib istiqamətlərdən birinin də ticarət olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş artıq mövcuddur. İndi əsas hədəf qarşılıqlı ticarətin strukturunu genişləndirmək, biznes dairələri arasında birbaşa əlaqələri artırmaq, birgə müəssisələrin yaradılmasını və investisiya layihələrinin reallaşdırılmasını stimullaşdırmaq olmalıdır.

Bəhruz Quliyev Avaza görüşünün əhəmiyyətinə də diqqət çəkib. O qeyd edib ki, bu platforma Azərbaycanı Mərkəzi Asiyanın nəqliyyat, enerji və iqtisadi əlaqələr sisteminə daha sıx bağlamaq üçün siyasi imkan yaradır. Görüş çərçivəsində imzalanmış Birgə Bəyanat və digər sənədlər isə bu əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.

“Ona görə də qarşıdakı mərhələdə əsas prinsip belə olmalıdır ki, siyasi münasibətlərdə əldə olunan yüksək səviyyə iqtisadi əməkdaşlıqda da eyni dinamika ilə müşayiət olunmalıdır. Bunun üçün konkret yük marşrutları, logistika paketləri, gömrük prosedurlarının sadələşdirilməsi, enerji layihələri, rəqəmsal nəqliyyat sistemləri və biznes platformaları üzrə ölçülə bilən layihələr ortaya qoyulmalıdır.

Azərbaycan və Türkmənistan arasında dostluq və strateji tərəfdaşlıq artıq möhkəm siyasi bazaya malikdir. İndi bu bazanı Xəzərin hər iki sahilində yeni iqtisadi dəyərə çevirmək zamanıdır. Avaza görüşü də məhz belə konkret və uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar açır”, – deyə B.Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə