“Azərbaycan mina probleminin qlobal səviyyədə həllinə çağırış edir” - ŞƏRH

“Azərbaycan mina probleminin qlobal səviyyədə həllinə çağırış edir” - ŞƏRH

“Azərbaycanın təşəbbüsü ilə Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasında mina məsələsinin gündəmə gətirilməsi bu problemin təkcə regional deyil, həm də qlobal problem olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən artıqdır ki, minalardan əziyyət çəkir:

“İşğal sona çatsa da, bu gün də Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində minalar qalmaqdadır və onlar insan tələfatlarına gətirib çıxarır. Bu da insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Ermənistan rəhbərliyi uzun illər ərzində bizə obyektiv mina xəritələrini təqdim etmədi. Həmin mina xəritələrini də özlərinin siyasi alver vasitəsinə çeviriblər və Azərbaycana qarşı şərtlər irəli sürürlər. Halbuki mina məsələsi bu gün Azərbaycan mülki insanlarını hədəf alır və bu, humanitar problemdir.

Humanitar problemlərin həlli heç də siyasi alət olmamalıdır. Amma Ermənistan bunu Azərbaycana qarşı etməkdədir. Azərbaycan bu məsələnin gündəmə gətirilməsi ilə, təbii ki, dünyanın diqqətini məsələyə çəkmək və Azərbaycan vətəndaşlarının minalardan əziyyət çəkdiyini göstərmək istəyir.

İndi Azərbaycan çağırış etməlidir ki, artıq bu qlobal problemə də son qoyulmalıdır. Piyadalar əleyhinə minaların ləğvi istiqamətində mühüm addımlar atılmalıdır. Təbii ki, bu, Azərbaycanın insan hüquqlarına necə yüksək dəyər verdiyini də göstərən amil kimi xarakterizə edilə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə