"Prezidentin çıxışı Azərbaycanın yeni dövr üçün siyasi, təhlükəsizlik və iqtisadi prioritetlərini müəyyənləşdirir" - ŞƏRH

"Prezidentin çıxışı Azərbaycanın yeni dövr üçün siyasi, təhlükəsizlik və iqtisadi prioritetlərini müəyyənləşdirir" - ŞƏRH

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövrdə siyasi, iqtisadi və təhlükəsizlik prioritetlərinin müəyyənləşdirilməsi baxımından təhlil oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, çıxışın əsas istiqamətlərindən biri dövlət müstəqilliyinin qorunması, milli maraqların təmin edilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürütməsi məsələsidir:

"Xüsusilə postmünaqişə dövründə ölkənin qarşısında duran vəzifələr əvvəlki mərhələdən fərqlənir. Artıq əsas diqqət yalnız ərazi bütövlüyü və suverenlik məsələlərinə deyil, həm də əldə olunmuş nəticələrin uzunmüddətli təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirilməsinə yönəlir. Bu baxımdan Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, ordu quruculuğunun davam etdirilməsi və regional təhlükəsizlik proseslərində fəal iştirak mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətlərində balansın qorunması ölkənin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər.

Prezidentin çıxışında diqqət çəkən digər mühüm məqam Yeni Azərbaycan Partiyasının tarixi missiyası və Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davamlılığı ilə bağlı idi. Dövlət başçısı partiyanın yarandığı mürəkkəb siyasi şəraitə nəzər salaraq, onun ölkənin sonrakı inkişaf mərhələlərindəki rolunu xüsusi vurğuladı. Burada əsas siyasi mesaj ondan ibarətdir ki, dövlətin inkişaf strategiyası dəyişən beynəlxalq şəraitə uyğun yenilənsə də, müstəqillik, dövlətçilik və milli maraqların müdafiəsi kimi prinsiplər prioritet olaraq qalır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi potensialın genişləndirilməsi və sosial rifahın yüksəldilməsi qarşıdakı dövrün əsas vəzifələri sırasındadır. Hesab edirəm ki, qurultayda səsləndirilən fikirlərin siyasi mahiyyəti Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra təhlükəsizlik, iqtisadi inkişaf və regional əməkdaşlıq sahələrində uzunmüddətli hədəflərini necə müəyyənləşdirdiyini göstərməsidir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə