"Dövlət gəlirlərinin əhalinin rifahına yönəldilməsi mühüm əhəmiyyət daşıyır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Dövlət gəlirlərinin əhalinin rifahına yönəldilməsi mühüm əhəmiyyət daşıyır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident çıxışında Azərbaycanın həm daxili siyasəti, həm də xarici siyasət üzrə prioritetləri müəyyənləşdirilib. Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. İlk növbədə, Azərbaycan müstəqil siyasətini davam etdirməli və öz müstəqilliyini qorumalıdır. İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyimizə, eləcə də beynəlxalq arenada daha fəal rol oynamağımıza baxmayaraq, təəssüf ki, ölkəmizin uğurlarını qəbul etməyən və Azərbaycanın imkanlarını məhdudlaşdırmağa çalışan dairələr mövcuddur".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qarşılaşdığımız risklər ideoloji və informasiya xarakteri də daşıyır. Müxtəlif vasitələrlə xaricdən maliyyələşən informasiya resurslarının fəaliyyət göstərdiyini görürük. Bu fəaliyyətlərin arxasında Azərbaycanın müstəqil siyasətinə qarşı çıxmaq məqsədinin dayandığı qənaətindəyəm. Eyni zamanda, hibrid müharibələrin yaratdığı mənfi təsirlər cəmiyyətin inkişafına ciddi təsir göstərə bilər. Buna görə də bütün bu məsələlər dövlətin diqqət mərkəzində olmalı və belə təhlükələrə qarşı müasir tələblərə uyğun, effektiv siyasət həyata keçirilməlidir:

"Bu baxımdan Yeni Azərbaycan Partiyasının qarşısında da mühüm vəzifələr dayanır. Xalqla və cəmiyyətlə dialoq qurulmalı, bu dialoq formal xarakter daşımamalıdır. Cəmiyyətdə müxtəlif problemlər mövcuddur və onların həlli istiqamətində konkret addımlar atılmalıdır. Lakin xaricdən maliyyələşən bəzi qurumların və media platformalarının həmin problemlərdən istifadə edərək cəmiyyətdə parçalanma yaratmağa, insanları dövlətə və hökumətə qarşı yönəltməyə çalışdığını da nəzərə almaq lazımdır.

Belə yanaşmalar son nəticədə daxili qarşıdurmaların dərinləşməsinə, hətta vətəndaş müharibəsi risklərinin artmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Tarix göstərir ki, vətəndaş müharibələri heç bir ölkəyə müsbət nəticə gətirmir, əksinə, xarici qüvvələrin öz maraqları naminə istifadə edə biləcəyi şərait yaradır. Belə münaqişələrdən ən çox əziyyət çəkən isə sıravi insanlar olur.

Ona görə də daxili qarşıdurmaların qarşısının alınması üçün dövlət tərəfindən zəruri addımlar atılmalıdır. Prezident İlham Əliyev də çıxışında bu istiqamətdə mühüm məqamlara toxunub.

Bununla yanaşı, çıxışın sonunda sosial müavinətlərin, pensiyaların və əməkhaqlarının artırılması məsələsinə də toxunulması xüsusi əhəmiyyət daşıyır. Bu, dövlətin əldə etdiyi gəlirlərin əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyini göstərir. Eyni zamanda, sosial rifahın yüksəldilməsi ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələrin cəmiyyətdə narazılıq yaratmaq üçün istifadə etdikləri arqumentlərin təsirini azaltmağa xidmət edə bilər.

Bu prosesdə siyasi partiyaların, xüsusilə Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifələr düşür. Partiya həyata keçirilən dəyişiklikləri cəmiyyətə izah etməli, insanlarla fəal dialoq və təmaslar qurmalı, dövlət siyasətinin mahiyyətini düzgün şəkildə ictimaiyyətə çatdırmalıdır.

Bütün bu tədbirlər kompleks şəkildə həyata keçirildikdə mövcud təhlükələrin azaldılmasına və neytrallaşdırılmasına, cəmiyyətdə sabitliyin qorunmasına və ölkənin davamlı inkişafının təmin edilməsinə töhfə verə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə