"İstanbul Bəyannaməsi üçtərəfli əməkdaşlıq modelinin inkişaf etdirilməsi niyyətini əks etdirir" - ŞƏRH
"İyunun 8-də İstanbulda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşünün yekununda qəbul edilən İstanbul Bəyannaməsi üç ölkənin regional əməkdaşlığa və strateji tərəfdaşlığa sadiqliyinin növbəti dəfə təsdiqi kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə dəstək ifadə olunmaqla yanaşı, regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində ortaq iradə nümayiş etdirilib:
"Bəyannamənin əsas əhəmiyyəti ondan ibarətdir ki, qlobal və regional geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında formalaşmış əməkdaşlıq mexanizminin aktuallığını qoruduğu bir daha ortaya qoyulur. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və Orta Dəhlizin potensialının artırılması istiqamətində verilən mesajlar regionun beynəlxalq əhəmiyyətinin artdığını göstərir. Azərbaycan baxımından sənəd ölkənin regionda mühüm nəqliyyat və enerji qovşağı kimi rolunun möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, Türkiyə ilə müttəfiqlik və Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində siyasi iradənin nümayiş etdirilməsi kimi dəyərləndirilə bilər. Bəyannamədə ərazi bütövlüyü və suverenlik məsələlərinin vurğulanması da Azərbaycanın milli maraqları ilə üst-üstə düşən mühüm məqamlardan biridir.
Ümumilikdə, İstanbul Bəyannaməsi yeni siyasi platformanın yaradılmasından daha çox, artıq formalaşmış və öz effektivliyini sübut etmiş üçtərəfli əməkdaşlıq modelinin inkişaf etdirilməsi niyyətini əks etdirir. Bu sənəd Cənubi Qafqazda sabitliyin, qarşılıqlı faydalı iqtisadi əlaqələrin və regional inteqrasiyanın gücləndirilməsi baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB