"44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanı təkcə döyüş meydanında məğlub etmədi. Azərbaycan həm də Ermənistan cəmiyyətini reallıqlarla üz-üzə qoymağa nail oldu. Çünki uzun illər ərzində erməni cəmiyyəti saxta tarixi narrativlər, miflər və əsassız iddialar üzərində formalaşdırılmış ideoloji mühitdə yaşayıb".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, məhz bu reallıqlarla qarşılaşmaq Ermənistan cəmiyyətində ciddi psixoloji sarsıntı və çaşqınlıq yaratdı: "Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər daha çox konstruktiv yanaşmanı əks etdirir. O, regionda əməkdaşlığın, sabitliyin və quruculuğun vacibliyini ön plana çəkir.
Lakin məsələ yalnız seçkilərlə məhdudlaşmır. Seçkilərdən sonra da bu istiqamətdə addımların davam etdirilməsi zəruridir. Azərbaycan münaqişə və düşmənçilik səhifəsini bağlamaq istəyən tərəf olduğunu atdığı addımlarla dəfələrlə sübut edib.
Regionda kommunikasiyaların açılması, nəqliyyat və ticarət əlaqələrinin bərpası Ermənistanın iqtisadi inkişafına, rifahının yüksəlməsinə və cəmiyyətin gələcək perspektivlərinin genişlənməsinə xidmət edə bilər. Ermənistan cəmiyyəti dərk etməlidir ki, region dövlətləri ilə normal münasibətlər qurulmadan, dünyanın ən güclü dövlətləri ilə əlaqələr belə gözlənilən nəticəni verməyəcək. Çünki coğrafiya dəyişməz reallıqdır və bu reallıq öz sözünü deməyə davam edir.
Ermənistan müstəqil siyasət yürütmək istiqamətində müəyyən addımlar atmağa çalışsa da, uzun illər ərzində xarici təsirlər altında formalaşmış siyasi davranış modelindən birdən-birə imtina etmək asan deyil. Əgər onilliklər boyu diktə olunan siyasət həyata keçirilibsə, bu ənənəni qısa müddətdə dəyişdirmək mümkün deyil. Buna görə də bu istiqamətdə təmkinli və düşünülmüş addımların atılması daha məqsədəuyğundur.
Nikol Paşinyanın da bu reallığı yaxşı başa düşdüyü qənaətindəyəm. O, bir tərəfdən yeni tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə çalışır, digər tərəfdən isə mövcud əlaqələrdən birdən-birə uzaqlaşmağın risklərini nəzərə alır.
Revanşist qüvvələrin təsiri altına düşmək Ermənistan üçün ciddi təhlükə yarada bilər. Bu, ilk növbədə Ermənistan cəmiyyətinin özünü yeni fəlakətlərə sürükləyə bilər. Çünki yeni müharibə və ya yeni hərbi eskalasiya Ermənistan üçün heç bir müsbət perspektiv vəd etmir. Münaqişə ritorikasına qayıdış regionun heç bir xalqına fayda gətirməyəcək. Region tarixində istifadə olunmuş Robert Koçaryanlar da fayda məfhumuna yaxın belə gəlmirlər.
Bu səbəbdən revanşist ideyalardan və köhnə xəyallardan imtina edilərək mövcud reallıqlar əsasında gələcəyə yönəlmiş siyasət yürüdülməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində ölkəmizə qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etdi. Qanun qarşısında cavab verən şəxslər öz cəzalarını çəkirlər.
Müasir beynəlxalq münasibətlər sistemində revanşizmə yer yoxdur. Yeni dünya nizamında regional inteqrasiya, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq daha böyük əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi məqsəd Cənubi Qafqazı siyasi qarşıdurma məkanından iqtisadi əməkdaşlığın və qarşılıqlı inkişafın hökm sürdüyü bir regiona çevirməkdir.
Tarixin arxivinə qovuşmuş münaqişələrin və köhnə siyasi stereotiplərin arxasınca getmək əvəzinə, inkişaf, rifah və sabitlik vəd edən gələcəyi seçmək lazımdır. Ermənistan da regionun reallıqlarını düzgün qiymətləndirməli, mövcud geosiyasi şəraiti nəzərə almalı və siyasətini bu reallıqlara uyğun qurmalıdır. Yalnız bu halda regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlıq mümkün ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB