"Ermənistan sülhə doğru real addımlar atmalı və öhdəliklərini yerinə yetirməlidir" - ŞƏRH EDİLDİ

"Ermənistan sülhə doğru real addımlar atmalı və öhdəliklərini yerinə yetirməlidir" - ŞƏRH EDİLDİ

"Azərbaycan-Ermənistan sülh müqaviləsinə iki tərəfdən yanaşmaq lazımdır: birincisi, Azərbaycanın nə etdiyi və nə istədiyi, ikincisi isə Ermənistanın nə etdiyi və nə istədiyidir. Azərbaycan tərəfindən baxdıqda, hər şey aydın görünür. Məsələn, kimsə iddia edirsə ki, Azərbaycanın məqsədi Ermənistandan yeni ərazilər qoparmaq, yaxud sülh prosesini uzadaraq yeni şəraitin formalaşmasını gözləmək, yeni geosiyasi vəziyyət yaranana qədər vaxt qazanmaq və ya yeni cəbhə açmaqdır, bu, təbii ki, çox gülünc və yersiz iddia olardı".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, 2020-ci ildə də, 2023-cü ildə antiterror əməliyyatları zamanı da Azərbaycanın kifayət qədər imkanları və resursları var idi ki, belə bir niyyəti olsaydı, onu həyata keçirsin:

"2020-ci ildə Ermənistan ordusu kapitulyasiya vəziyyətinə düşəndə, darmadağın olanda, mövqelərini itirəndə və əlindəki bütün üstünlüklər Azərbaycan Ordusu tərəfindən aradan qaldırılanda Azərbaycanın belə bir niyyəti olsaydı, elə həmin vaxt sərhədləri keçərdi. Əgər Azərbaycan bu gün iddia edildiyi kimi, yeni ərazilər əldə etmək istəyirdisə, bunu həmin vaxt edə bilərdi. 2020-ci ildə etmədisə, 2023-cü ildə, məsələn, belə bir addım ata bilərdi. Həmin dövrdə Rusiya hələ Ermənistanda mövcud idi, onun təhlükəsizliyini təmin edir və Ermənistanın tam dövlət suverenliyinə sahib olmasını istəmirdi. Lakin 2023-cü ilə gəldikdə, Rusiya ilə münasibətlər tamamilə fərqli çərçivəyə düşmüşdü. Buna baxmayaraq, Azərbaycan yenə də belə bir addım atmadı.

Azərbaycan 10 noyabr razılaşmasından sonra Ermənistanın qarşısında birmənalı şəkildə konkret tələblər qoyub: ərazilərimizdən çıxmalısınız, hüquqlarımızı tanımalısınız.

Bugünkü əsas tələbə toxunsaq, sülh sazişinin paraflanmasından sonra onun imzalanmasına əsas maneə kimi Azərbaycan Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının mövcudluğunu göstərir. Həmin iddialar konstitusiyadan çıxarılmalıdır ki, imzalanacaq sülh sazişi və digər sənədlər Ermənistanın əsas qanunu ilə ziddiyyət təşkil etməsin. Bu, hüquqi baxımdan əsaslandırılması mümkün olan, tamamilə normal tələbdir.

Ermənistanın bugünkü əsas davranışlarından biri prosesi davamlı şəkildə uzatmağa çalışmasıdır. Əvvəlcə onlar bu prosesi 30 ilə yaxın uzatdılar. Qarabağı işğal altında saxladılar, Azərbaycanın altı rayonunu geri qaytarmadılar. Həmin 30 ilin sonunda Azərbaycan öz ərazilərini hərbi gücü, Ordusunun qüdrəti və uğurlu xarici siyasəti sayəsində işğaldan azad etdi.

2020-ci il noyabrın 10-da imzalanmış razılaşmadan sonra Ermənistan yenidən öhdəliklər götürdü. Lakin sonradan gördük ki, onlar nəinki dövlət olaraq üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirirlər, hətta separatçılarla əlaqələrini də tamamilə kəsmək istəmirlər. Nəticədə, üç il davam edən uzanma prosesindən sonra biz antiterror əməliyyatı həyata keçirdik və Qarabağı separatçılardan təmizlədik. Azərbaycanın unitar dövlət quruluşunu və suverenliyini tam təmin etdik.

Bundan sonra da Paşinyan hakimiyyətinin və Ermənistandakı digər rəsmi şəxslərin sülh istədiklərini bildirən gözəl sözlər, mənalı və dərin cümlələr səsləndirdiklərinin şahidi olduq. Ancaq hazırda Ermənistanın sülhdən yayınması prosesinin şahidiyik. Sanki qarşı tərəf hansısa ümidin və ya gözləntinin ardınca qaçır, həmin gözləntiyə çatana qədər vaxt qazanmaq məqsədilə prosesi uzadır. Bu, əlbəttə ki, xoşagələn hal deyil. Eyni zamanda, bu, sabah baş verə biləcək hər hansı neqativ hadisəyə görə Ermənistan hakimiyyətinin, bütövlükdə Ermənistan dövlətinin ciddi məsuliyyət daşıması deməkdir.

Regional təhlükəsizliyin təmin olunması, sülhün əldə edilməsi və Azərbaycanın milli maraqlarının qorunması baxımından regionda sülh olmalıdır. Regional sülh və gələcək təhlükəsizlik arxitekturası möhkəmləndirilməlidir. Bu, birmənalıdır. Həm Azərbaycanın, həm digər region dövlətlərinin, eləcə də regionda əməkdaşlıq çərçivəsində iştirak edən və gələcəkdə iştirak edəcək ölkələrin maraqları baxımından bu, zəruridir.

Lakin bunun üçün Ermənistan sülhdən qaçmamalı, sülhə doğru real addımlar atmalıdır. Bu addımlar yalnız sözlərlə deyil, konkret əməllərlə müşayiət olunmalıdır.

Eyni zamanda, Azərbaycanın milli maraqlarının qorunması baxımından bu gün qarşımızda duran çağırışlardan biri də dünyada baş verən qlobal dəyişikliklərdir. Güc balansı dəyişir, güc mərkəzləri yenilənir. Əvvəllər ABŞ-ın və onun müttəfiqlərinin hegemon olduğu bir dünya reallığında yaşayırdıqsa, bu gün artıq qlobal güc bölgüsü regional güclər və bir neçə böyük dünya dövləti arasında parçalanmaqdadır.

Bu yeni reallığa daha yaxşı hazırlaşmaq üçün ilk növbədə öz regionumuzda sülh və sabitliyi təmin etməliyik. Beləliklə, regiona müdaxilə etməyə çalışan güclərin yeni pozucu ünsürlərdən istifadə etməsinə imkan verməməliyik.

Bundan əlavə, yeni dünya çoxqütblü olacağı üçün çoxtərəfli əməkdaşlıq da onun əsas prinsiplərindən birinə çevriləcək. Yəni daha çox dövlətlə münasibət qura bilən, daha çox ölkə ilə tərəfdaşlıq edə bilən dövlət daha güclü olacaq. Bu məsələ artıq ərazinin böyüklüyü, ordunun gücü və digər statistik göstəricilərlə məhdudlaşmayacaq. Burada əsas göstərici dövlətin nə qədər tərəfdaşa malik olması, bu tərəfdaşlıqlar vasitəsilə nə qədər resurs və əlavə dividendlər əldə etməsi, eləcə də tərəfdaş ölkələrin dünya siyasətindəki mövqeyi və söz sahibi olmaq imkanları olacaq.

Buna görə də mövcud tərəfdaşlıqların sayını artırmaq, hazırkı əməkdaşlıqların həm kəmiyyətini, həm də keyfiyyətini yüksəltmək üçün, əlbəttə ki, təhlükəsizlik zonası formalaşdırılmalıdır. Cənubi Qafqaz iqtisadi və siyasi əlaqələrin, görüşlərin, tranzit layihələrinin mərkəzinə çevrilməlidir. Bunun qarşısında heç bir maneə olmamalıdır.

Azərbaycan bu istiqamətdə bütün zəruri imkanları təmin edib. Bu gün Azərbaycan dünyanın bütün əsas güc mərkəzləri ilə əməkdaşlıq edə bilən nadir ölkələrdən biridir. Yeganə problem Ermənistanın pozucu addımları, sülhdən yayınması və nəticə etibarilə regional xətlərin və kommunikasiyaların açılmamasıdır.

Bu məsələni həll etdikdən sonra, inşallah, daha fərqli Cənubi Qafqazla, həmin regionda söz sahibi olan, dünyanın yeni reallıqlarına uyğunlaşan, özü və regionu üçün yeni imkanlar formalaşdıran daha güclü Azərbaycanla qarşılaşacağıq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə