Azərbaycanın Zəfər yolu və böyük strateji irsi
Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı ilə bütün ölkə ərazisində tam suverenliyini bərpa etməsi təsadüfi hərbi uğur deyil. Bu, otuz ilə yaxın bir müddətdə ardıcıllıqla, dəqiqliklə və uzaqgörənliklə icra olunan böyük dövlətçilik və milli təhlükəsizlik strategiyasının məntiqi yekunudur. Bu strategiya əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq zərgər dəqiqliyi ilə inkişaf etdirilərək tarixi Zəfərlə taclandırılmışdır.
1990-cı illərin əvvəllərində anarxiya, iqtisadi kollaps və torpaqların işğalı ilə üz-üzə qalan Azərbaycanı xilas edən Heydər Əliyev bilirdi ki, hərbi qələbə qazanmaq üçün öncə güclü dövlət institutu, sabitlik və iqtisadi müstəqillik lazımdır. 1993-cü ildə hakimiyyətə qayıdışdan sonra daxili çəkişmələrə son qoyuldu, nizami ordunun formalaşdırılması üçün ilk addımlar atıldı və 1994-cü ildə Bişkek protokolu ilə atəşkəs əldə edildi. Bu atəşkəs Azərbaycana güc toplamaq üçün həyati dərəcədə vacib olan vaxtı qazandırdı.
1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın gələcək Zəfərinin iqtisadi və geopolitik təməl daşı oldu. Xarici kapitalın ölkəyə cəlb edilməsi yalnız maliyyə axını demək deyildi; bu, aparıcı dərəcədə Qərb dövlətlərinin və qlobal neft nəhənglərinin maraqlarını Azərbaycanın sabitliyi ilə bağlamaq demək idi.
2003-cü ildən etibarən Prezident İlham Əliyev Heydər Əliyevin iqtisadi-siyasi xəttini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu dövrdə əsas deviz belə idi: "İqtisadi müstəqillik olmadan siyasi və hərbi müstəqillik qeyri-mümkündür". Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri, Dövlət Neft Fondunun (ARDNF) resursları sayəsində Azərbaycan xarici borcdan və donorlardan asılı olmayan müstəqil maliyyə sistemini qurdu. Neft və qazdan gələn milyardlarla dollar gəlir sistematik olaraq hərbi xərclərə, müdafiə potonsialının artırılmasına və infrastruktura yatırıldı. Azərbaycanın illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini dəfələrlə üstələdi. Qlobal nəqliyyat (Cənub Qaz Dəhlizi, Orta Dəhliz) və enerji şəbəkələrinin mərkəzində yerləşən Bakı, beynəlxalq aləmdə əvəzolunmaz tərəfdaşa çevrilərək işğalçı Ermənistanı bütün regional layihələrdən təcrid etdi.
Pulun və texnikanın olması hələ qələbə demək deyil; əsas amil həmin texnikanı idarə edən və döyüşən insan resursudur. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində köklü və müasir islahatlar aparıldı. Ənənəvi Sovet hərbi doktrinasından imtina edilərək NATO standartlarına, xüsusən Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə uyğun çevik, mobil və yüksək texnologiyalı döyüş modelinə geçildi. Dağlıq və mürəkkəb reliesdə (xüsusən Şuşa əməliyyatında) həlledici rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin yaradılması və ən yüksək standartlarla təchiz edilməsi strategiyanın ən uğurlu halqalarından biri oldu.
Vətən müharibəsindən sonra bu islahatlar daha da dərinləşdirildi, Türkiyə modeli əsasında Komando birlikləri yaradıldı və hərbi idarəetmə tamamilə modernləşdirildi. Xarici ölkələrdən hərbi asılılığı minimuma endirmək üçün 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi təsis edildi. Bu step həm hərbi, həm də strateji müstəqillik baxımından sıçrayış idi. Azərbaycan qısa müddətdə minlərlə adda hərbi təyinatlı məhsul – atıcı silahlar, döyüş sursatları, zirehli maşınlar (Marauder, Matador), minomyotlar və Pilotsuz Uçuş Aparatları (Orbiter, Aerostar və s.) istehsal etməyə başladı.
44 günlük müharibə zamanı yerli HSK ordunun sursat və arsenal ehtiyacının böyük hissəsini daxili resurslar hesabına təmin etdi. Bu, xarici dövlətlərin mümkün silah embarqoları və təzyiqləri riskini sıfıra endirdi. İsrail, Türkiyə, Pakistan və digər aparıcı dövlətlərdən alınan müasir texnologiyalar (məsələn, Bayraktar TB2, Harop, LORA, Polonez) yerli müdafiə sənayesinin imkanları ilə inteqrasiya edildi.
Azərbaycanın Zəfər yolu göstərdi ki, suverenlik yalnız bəyanatlarla deyil, səbir, iqtisadi güc, hərbi qüdrət və sarsılmaz milli iradənin vəhdəti ilə bərpa olunur. Heydər Əliyevin təməlini qoyduğu iqtisadi və ideoloji bünövrə İlham Əliyevin yaratdığı güclü ordu, milli hərbi sənaye və diplomatiya ilə birleşərək Azərbaycanı regionun Lider Dövlətinə çevirdi. Məhz bu böyük strategiya sayəsində 2020 və 2023-cü illərdə ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam və qəti şəkildə bərpa olundu.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması
2020-ci il Vətən müharibəsindən və 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası post-münaqişə dövründə analoqu az olan nəhəng bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Azad edilmiş ərazilərin bərpası yalnız dağıdılmış infrastrukturun bərpası deyil, modern texnologiyalara, ekoloji standarta (Yaşıl Enerji Zonası) və yüksək həyat keyfiyyətinə əsaslanan yeni iqtisadi və sosial inkişaf modelinin tətbiqidir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" regional inkişafın əsas hüquqi və strateji çərçivəsidir. 2020–2026-cı illər ərzində dövlət büdcəsindən azad edilmiş ərazilərin bərpasına 25-28 milyard manatdan çox vəsait yönəldilib. Bu vəsaitlər mina təmizləmə, nəqliyyat, energetika, su təchizatı və yaşayış massivlərinin inşasına sərf olunur. Proqramın icrası nəticəsində Şuşa, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam, Xocalı, Xocavənd və d. rayonların kəndlərinə on minlərlə keçmiş məcburi köçkün artıq qayıdıb. Azad olunmuş bölgələrdə məskunlaşan və orada çalışan əhalinin sayı 95 mindən çox şəxsə çatıb.
Bölgənin iqtisadi reinteqrasiyasını təmin etmək üçün ilk növbədə müasir nəqliyyat-logistika arxitekturası qurulub. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi, eləcə də mürəkkəb dağlıq relyefdə inşa edilən Laçın Beynəlxalq Hava Limanı bölgənin həm mülki, həm turizm, həm də logistika imkanlarını beynəlxalq şəbəkəyə inteqrasiya edir.
Zəfər Yolu (Füzuli–Şuşa), Bərdə–Ağdam, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolları və Kəlbəcər-Laçın istiqamətindəki nəhəng tunel kompleksləri (məsələn, Murovdağ tuneli) çətin keçilən relyeflərdə maneəsiz nəqliyyat bağlantısı yaradır. Horadiz–Ağbənd dəmir yolu və avtomobil xətti Orta Dəhlizin tərkib hissəsi kimi Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birbaşa bağlayacaq strateji arteriyadır.
Azərbaycan post-münaqişə zonalarında sıfırdan şəhərsalma həyata keçirdiyi üçün ən son texnoloji standartları - "Ağıllı şəhər/kənd" konseptlərini tətbiq edir. Ağalı kəndi "Ağıllı kənd" modelinin ilk uğurlu nümunəsidir. Burada 5 ana komponent tətbiq olunub. Birincisi, ağıllı yaşayış: Yaşayış evlərinin "yaşıl" izolyasiya sistemləri və günəş panelləri ilə təchizi. İkincisi, ağıllı təsərrüfat: Dronlar, sensorlar və avtomatlaşdırılmış suvarma sistemləri vasitəsilə kənd təsərrüfatının idarə olunması. Üçüncüsü, ağıllı dövlət xidmətləri: "E-Gov" və e-səhiyyə xidmətlərinin kənd səviyyəsində əlçatanlığı. Dördüncüsü, alternativ enerji: Bütün yaşayış kompleksinin ekoloji təmiz günəş və hidroenerji ilə təmin edilməsi. Beçincisi, Ağdam, Füzuli və Laçın Şəhər baş planları: Baş planlar əsasında qurulan yeni şəhərlərdə nəqliyyatın avtomatlaşdırılmış idarə olunması, intellektual tullantı idarəçiliyi və sıfır emissiyalı ictimai nəqliyyat infrastrukturu tətbiq olunur.
Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər "Net-Zero" (Sıfır Karbon) və Yaşıl Enerji Zonası elan edilib. Xudafərin və Qız Qalası su qovşaqları, Ağdam və Cəbrayılda tikilən günəş elektrik stansiyaları (BP-nin "Şəfəq" layihəsi kimi), Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları (KSES) regionun enerji tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyir. "Ağdam Sənaye Parkı" və "Araz Vadisi İqtisadi Zonası" (Cəbrayıl) rezidentlərə ciddi vergi və gömrük güzəştləri (10 il muddətinə mənfəət, əmlak, torpaq vergisindən azad olunma) təqdim edir. Burada tikinti materialları, logistika, avadanlıq təmiri və tekstil sənayesi sürətlə inkişaf edir. Zəngilan, Qubadlı və Füzulidə yaradılan müasir iqtisadi və aqrar komplekslər bölgənin ərzaq təhlükəsizliyinə töhfə verir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr sadəcə işğaldan azad olunmuş torpaqların bərpası deyil. Bu proses Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) yeni iqtisadi drayverlərin (qeyri-neft sektoru, aqrar, logistika, yaşıl enerji, turizm) əlavə olunması deməkdir. "Ağıllı şəhər/kənd" konsepsiyası və daxili resurslara dayanan Böyük Qayıdış proqramı Azərbaycanın post-münaqişə dövründəki dövlət idarəçiliyinin, texnoloji müstəqilliyinin və iqtisadi qüdrətinin ən əyani göstəricisidir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB