"İsraildə siyasi böhranın həlli koalisiya danışıqlarından asılı olacaq" - ŞƏRH EDİLDİ
"2026-cı il oktyabrın 7-də İsrail parlamentinə keçirilən seçkilərdə hakim koalisiya hökumət formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməsə də, ən çox səs qazanan partiya yenə də Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası{C} oldu. Müxalif cinahla müqayisədə üstünlük, ümumilikdə, hazırkı iqtidar koalisiyasının tərəfində qaldı".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, növbəti mərhələdə gözlənilən proses bundan ibarətdir ki, Netanyahu müxalif cinahda təmsil olunan radikal partiyaları öz hökumətinə cəlb etmək üçün müəyyən danışıqlar aparacaq. Artıq belə danışıqların başladığı barədə məlumatlar da yayılır:
"Lakin düşünmürəm ki, parlamentə düşmüş iki ərəb partiyası ilə Netanyahu koalisiyası arasında hökumətin formalaşdırılması prosesində hər hansı əməkdaşlıq olsun.
Nəzərə alsaq ki, İran ətrafında yenidən müharibənin başlanması ehtimalı artır, bu vəziyyət istər-istəməz İsraildəki radikal yəhudi partiyalarını Netanyahu hökumətinə dəstək verməyə sövq edə bilər. Hesab edirəm ki, bunun nəticəsində Netanyahu yenidən hökumət formalaşdırmaq səlahiyyəti qazana bilər.
Bunun alternativi isə yalnız ölkədə yeni seçkilərin təyin olunması ola bilər. Bu isə təkcə Netanyahu və onun koalisiya tərəfdaşları üçün deyil, seçkilərdə səs qazanmış müxalif partiyalar, o cümlədən ərəb partiyaları üçün də müəyyən risklər yaradır.
Çünki təkrar seçkilər keçiriləcəyi təqdirdə, yəqin ki, ərəb seçicilərin fəallığının qarşısını almaq və onların siyasi iştirakını məhdudlaşdırmaq istiqamətində müəyyən addımlar atılacaq. Xüsusilə, İsrailin xüsusi xidmət orqanları ərəb seçicilərə mümkün xarici maliyyə dəstəyini ciddi nəzarətdə saxlayacaq. Bu isə ərəb seçicilər arasında ən azı psixoloji təzyiq yarada və seçici fəallığına mənfi təsir göstərə bilər.
Eyni zamanda, müharibə başlayacağı təqdirdə, İsraildə hökumətin formalaşdırılmamasına görə hazırkı parlamentdə təmsil olunan, lakin koalisiyaya daxil olmayan partiyalar da müəyyən məsuliyyət daşımalı olacaqlar. Bu vəziyyət onların növbəti seçkilərdə xalq tərəfindən dəstəklənməməsi ilə nəticələnə bilər.
Mənim qənaətim bundan ibarətdir ki, koalisiya danışıqları müddətində Netanyahu yeni hökumətini formalaşdıra biləcək. Əks təqdirdə, İsraildə yeni seçkilərin təyin olunması qaçılmaz olacaq.
Lakin hər iki halda İsrail dövlətinin xarici siyasətində ciddi və geriyə yönəlmiş qərarların qəbul edilməsi, yaxud bu istiqamətdə addımların atılması gözlənilmir.
Daxili siyasətdə isə müəyyən yumşalma, yəni sosial siyasətin, sosial layihələrin və əhaliyə dəstək tədbirlərinin genişləndirilməsi mümkündür. Amma qeyd etdiyim kimi, yaxın zamanda müharibə təhlükəsinin real olması səbəbindən bu dəstək tədbirləri daha çox fövqəladə vəziyyət şəraitində həyata keçirilə bilər.
Bu baxımdan hesab edirəm ki, xalq belə çətin vəziyyətdə hökumətdən gördüyü dəstəyi nəzərə alaraq, təkrar seçkilər keçiriləcəyi təqdirdə, bu dəfə Netanyahu düşərgəsinə daha çox səs verə bilər, nəinki ondan üz döndərər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB