Sahibkarlar niyə kartla ödənişdən yayınır və bu, qazancına necə təsir edir? - İQTİSADÇI
"Sahibkarın qərarları fəaliyyət göstərdiyi iqtisadi mühitdən birbaşa asılıdır. Vergi yükü, sosial sığorta ödənişləri, əməkhaqqı xərcləri, icarə haqqı, bank komissiyaları, kommunal tariflər və digər əməliyyat xərcləri biznesin rentabelliyini müəyyən edir. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün bu xərclərin ümumi dövriyyədəki payı kifayət qədər yüksək ola bilər. Satış marjası aşağı, xərclər yüksək olduqda sahibkarın rəsmi fəaliyyətinin iqtisadi cəlbediciliyi də azalır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
.jpg)
İqtisadçı-ekspert bildirib ki, burada vergi sisteminin quruluşuna xüsusi diqqət yetirilməlidir:
"Vergi və digər məcburi ödənişlərin biznesin real mənfəətinə, fəaliyyət sahəsinə və rentabellik səviyyəsinə uyğunlaşdırılmaması sahibkarı müxtəlif qeyri-rəsmi mexanizmlər axtarmağa sövq edə bilər. Bəzi hallarda sahibkar dövriyyənin tam rəsmiləşdirilməsini əlavə maliyyə yükü kimi qəbul edir. Bu davranışın arxasında təkcə vergi ödəmək istəməməsi deyil, mövcud iqtisadi modelin yaratdığı stimullar və məhdudiyyətlər də dayanır.
Nağdsız ödənişlərdən yayınmanın digər səbəbi bank xidmətlərinin qiyməti və hesablaşma mexanizmləridir. POS-terminal əməliyyatlarına görə komissiyalar, vəsaitlərin hesaba daxilolma şərtləri və digər bank xərcləri, xüsusilə aşağı marja ilə işləyən müəssisələr üçün əhəmiyyətli yük yarada bilər. Bu xərclər nəzərə alınmadan sahibkardan nağdsız ödənişlərin genişləndirilməsini tələb etmək problemin yalnız bir tərəfinə müdaxilə etməkdir. Bununla yanaşı, kartdan-karta köçürmələrin kommersiya hesablaşmalarında geniş yayılması maliyyə şəffaflığına mənfi təsir göstərir. Satışın şəxsi bank kartı vasitəsilə qəbul edilməsi həmin əməliyyatın sahibkarlıq gəliri kimi uçota alınması öhdəliyini aradan qaldırmır. Belə əməliyyatların rəsmiləşdirilməməsi vergi bazasının daralmasına, real iqtisadi dövriyyənin statistik və maliyyə hesabatlarında təhrif olunmasına səbəb olur.
Mövcud yanaşmanın digər ciddi nəticəsi rəqabət mühitində yaranan fərqlərdir. Bütün vergi və sosial öhdəliklərini yerinə yetirən sahibkarla dövriyyəsinin bir hissəsini rəsmiləşdirməyən sahibkar eyni bazarda fəaliyyət göstərir. Bu şəraitdə şəffaf fəaliyyət göstərən biznesin xərcləri daha yüksək görünür və onun rəqabət imkanları zəifləyir. Nəticədə iqtisadi modelin özü qeyri-rəsmi fəaliyyət üçün stimul yarada bilər.
Mən hesab edirəm ki, bu problemin həlli üçün ilk növbədə sahibkarlığın real iqtisadi yükü qiymətləndirilməlidir. Vergi siyasəti elə qurulmalıdır ki, fəaliyyətin rəsmiləşdirilməsi sahibkar üçün iqtisadi cəhətdən sərfəli olsun. Kiçik biznesin vergi və sosial ödəniş yükü, aşağı marjalı fəaliyyət sahələrinin xüsusiyyətləri, POS-terminal komissiyaları və bank xidmətlərinin əlçatanlığı kompleks şəkildə nəzərdən keçirilməlidir. Dövlətin məqsədi yalnız nəzarəti və cərimələri artırmaq olmamalıdır. Vergi bazasının genişləndirilməsi üçün sahibkarın leqal fəaliyyət göstərməkdə maraqlı olduğu iqtisadi mühit formalaşdırılmalıdır.
Çünki yüksək inzibati təzyiq, lakin dəyişməyən iqtisadi şərtlər qeyri-rəsmi dövriyyəni aradan qaldırmaya bilər. Əksinə, daha mürəkkəb yayınma mexanizmlərinin yaranmasına səbəb ola bilər. Nağdsız iqtisadiyyatın inkişafı üçün sahibkarın qarşısında elə bir seçim olmalıdır ki, şəffaf fəaliyyət göstərmək daha rahat, daha ucuz və daha gəlirli olsun. Bu, həm dövlətin vergi gəlirlərini artırar, həm bank sektorunda rəsmiləşdirilmiş dövriyyəni genişləndirər, həm də sahibkarın uzunmüddətli maliyyə dayanıqlığını gücləndirər.
Sahibkarın vergidən yayınmasına görə yalnız onu cəzalandırmaqla iqtisadi şəffaflığa nail olmaq mümkün deyil. İqtisadi sistem elə qurulmalıdır ki, vergidən yayınmaq sahibkar üçün iqtisadi zərurətə və ya rəqabət üstünlüyünə çevrilməsin. Elə bir sistem qurmaq lazımdır ki, sahibkar vergi rekordçuları siyahısına düşməyə çalışsın. Şəffaflıq inzibati məcburiyyətlə yanaşı, iqtisadi baxımdan da sərfəli olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB