"Netanyahunun siyasi gələcəyini partiyalararası əməkdaşlıq şərtləri müəyyən edəcək" - ŞƏRH

"Netanyahunun siyasi gələcəyini partiyalararası əməkdaşlıq şərtləri müəyyən edəcək" - ŞƏRH

"İsraildə oktyabrın 27-də keçirilən parlament seçkiləri ölkənin siyasi sistemində ciddi qeyri-müəyyənlik yaradıb. İlkin çıxış sorğularında Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokla müxalifət düşərgəsinin hər birinə təxminən 51 mandat proqnozlaşdırılsa da, yekun nəticələr fərqli mənzərə ortaya qoyub. Netanyahunun bloku 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsi 48, ərəb partiyaları isə 19 mandat əldə edib. Bu nəticələr göstərir ki, İsrail cəmiyyətində siyasi parçalanma kifayət qədər dərindir və heç bir düşərgə müstəqil şəkildə hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilməyib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, əslində, seçkilərin əsas siyasi mesajı yalnız Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı ilə məhdudlaşmır:

"Qəzza müharibəsi, 2023-cü il 7 oktyabr hadisələri ilə bağlı təhlükəsizlik məsuliyyəti, İranla hərbi qarşıdurma və ölkə daxilində artan siyasi qütbləşmə seçicilərin mövqeyinə təsir göstərən mühüm amillərdir. Netanyahu uzun illər ərzində təhlükəsizlik məsələsini siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi təqdim edib. Lakin son hadisələr göstərir ki, hərbi əməliyyatların davam etdirilməsi və sərt təhlükəsizlik siyasəti cəmiyyət daxilində siyasi konsensusun formalaşmasına kifayət etməyib.

Hazırda əsas mübarizə parlament mandatlarından daha çox koalisiya tərəfdaşlarının mövqeyi ətrafında gedir. Noyabrın 5-də ultraortodoks Birləşmiş Tövrat Yəhudiliyi Partiyasının baş nazirliyə heç bir namizədi dəstəkləməməsi Netanyahunun hökumət qurmaq imkanları ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirib. Digər tərəfdən, ərəb partiyalarının əldə etdiyi 19 mandat müxalifət üçün mühüm siyasi imkan yaratsa da, həmin partiyalarla əməkdaşlıq məsələsində fikir ayrılıqları mövcuddur. Prezident İshaq Hersoqun hökuməti formalaşdırmaq mandatını kimə verəcəyi növbəti mərhələnin əsas siyasi hadisəsi olacaq. Burada diqqət çəkən məqam odur ki, İsraildə yaranmış hökumət böhranı ölkənin xarici siyasətinə də təsir göstərə bilər. Xüsusilə İranla münasibətlər, Qəzzada gələcək təhlükəsizlik mexanizmləri və ABŞ ilə strateji əməkdaşlıq məsələləri yeni hökumətin siyasi tərkibindən asılı olaraq fərqli yanaşmalarla gündəmə gələ bilər. Bununla belə, Netanyahu hakimiyyətdən getsə belə, İsrailin təhlükəsizlik siyasətində dərhal fundamental dəyişiklik baş verəcəyini düşünmək doğru olmazdı. Çünki bu məsələlərdə İsrailin əsas siyasi qüvvələri arasında müəyyən ortaq yanaşmalar mövcuddur. Hazırkı prosesin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, Netanyahunun siyasi gələcəyini artıq yalnız seçki nəticələri deyil, müxtəlif ideoloji mövqelərə malik partiyaların hansı şərtlərlə əməkdaşlıq edə biləcəyi müəyyənləşdirəcək".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə