Kredit borcunun restrukturizasiyası nə vaxt çıxış yolu olur? - AÇIQLANDI

Kredit borcunun restrukturizasiyası nə vaxt çıxış yolu olur? - AÇIQLANDI

Restrukturizasiya borc verənlə borcalan, yəni bankla müştəri arasında əldə olunan qarşılıqlı razılaşmadır. Bu zaman kreditin şərtləri borcalanın ödəniş etməkdə çətinlik çəkməsi nəzərə alınaraq dəyişdirilir. Restrukturizasiya o halda çıxış yolu hesab olunur ki, nəticədə borcalanın borcu ödəmək imkanı yaransın. Yəni problem daimi deyil, müvəqqəti xarakter daşımalıdır.

Bu sözləri SİA-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, məsələn, borcalanın aylıq gəlirləri azalıbsa, onun gəlirlərinə uyğun olaraq kreditin müddəti uzadıla bilər. Bu halda aylıq kredit ödənişlərinin məbləği azalır. Yaxud bank borcalana bir neçə ay ümumiyyətlə ödəniş etməmək üçün möhlət verə bilər:

“Burada vacib məqam ondan ibarətdir ki, restrukturizasiya xeyriyyəçilik deyil. Bəziləri bunu bankın borcun müəyyən hissəsini bağışlaması kimi başa düşür. Halbuki bank, əsasən, kreditin müddətini uzadır və həmin müddət ərzində faizlər hesablanmağa davam edir. Nəticədə borcalan uzunmüddətli perspektivdə banka daha çox vəsait ödəyə bilər. Sadəcə, hazırda ödəniş etməkdə çətinlik çəkdiyi üçün bank ona müəyyən güzəştlər və möhlət verir.

Restrukturizasiya o halda tətbiq olunur ki, bank şərtləri dəyişdirməklə, müddəti uzatmaqla və ya möhlət verməklə borcalanın gələcəkdə ödənişləri həyata keçirə biləcəyini düşünsün. Əgər borcalanın gələcəkdə də borcu ödəmək imkanı olmayacaqsa, bank adətən restrukturizasiyaya getmir.

Bəzi xüsusi hallarda bank borcun müəyyən hissəsini də bağışlaya bilər. Bu, əsasən, bankın borcalanın borcun qalan hissəsini belə ödəyə bilməyəcəyini və təqdim olunan girovun borcun tam məbləğini qarşılamadığını nəzərə aldığı vəziyyətlərdə mümkündür.

Məsələn, borcalanın banka 100 min manat borcu var, lakin girov qoyduğu əmlakın hazırkı bazar dəyəri 70 min manatdır. Borcalan ödənişləri həyata keçirə bilmədikdə bank onunla razılaşaraq 70 min manatın ödənilməsi müqabilində qalan 30 min manat borcu bağışlaya bilər. Yəni burada da əsas məqsəd borcalanın müəyyən məbləği ödəməsini təmin etməkdir.

Banklar da müəyyən hallarda restrukturizasiyaya maraq göstərirlər. Çünki əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət etməli olurlar. Bundan başqa, Mərkəzi Bankın aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması qaydalarına əsasən, problemli kreditlər üzrə banklar müəyyən məbləğdə ehtiyat formalaşdırmalıdırlar. Banklar isə həm məhkəmə proseslərindən, həm də problemli kreditlərə görə böyük həcmdə ehtiyat saxlamaq zərurətindən yayınmağa çalışırlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə