Həbsxanada doğulan uşaqların sonrakı aqibəti necə müəyyənləşir? - PSİXOLOQ AÇIQLADI

Həbsxanada doğulan uşaqların sonrakı aqibəti necə müəyyənləşir? - PSİXOLOQ AÇIQLADI

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Bu göstərici əvvəlki illərlə müqayisədə nisbətən az olsa da, son 5 ilin ən yüksək rəqəmi 2024-cü ildə qeydə alınıb. Həbsxana şəraitində dünyaya gələn uşaqların gələcək taleyi, sosial mühitə uyğunlaşması və psixoloji vəziyyəti isə cəmiyyətdə bir sıra suallar doğurur.

Bəs həbsxanada doğulan uşaqların sonrakı aqibəti necə müəyyənləşir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, son altı ildə həbsxanalarda böyüyən uşaqların ilk növbədə müəyyən müddətdən sonra analarından ayrılması, öz yaşıdlarından daha çox yaşlı insanların əhatəsində böyüməsi onların fərqli davranış tərzlərinin formalaşmasına səbəb olur:

"Çünki uşaq dərk etmir, doğulduğu mühitə öyrəşir. O, harada olduğunu, necə bir mühitdə böyüdüyünü anlamır. Heç bir uşaq anasının törətdiyi hər hansı bir cinayətə görə məsuliyyət daşımır və onun sosial həyatı da buna uyğun olaraq müəyyənləşdirilməməlidir. Amma təəssüf ki, belə bir tendensiya var: anası onu təcridxanada dünyaya gətirib. Eşitdiyi sözlər, qarşılaşdığı münasibət və daim bu mühitdə yaşaması uşağın özünəinamının aşağı düşməsinə, haqqını tələb etmək istədiyi zaman bunu ifadə edə bilməməsinə, eləcə də cəmiyyət tərəfindən qəbul edilməyəcəyi düşüncəsinə səbəb olur. Bütün bunlar təcridxanada doğulan uşağın düşüncələrində sanki bir sırğa kimi qalır.

Amma heç zaman unutmayaq ki, həqiqətən də heç kim həyatını özü seçmir. Bəzən görürük ki, eyni taleyi yaşayan, eyni çətinliklərlə üzləşən uşaqlar fərqli həyat yolları ilə irəliləməyə başlayırlar. Eyni sözləri eşitsələr də, onlara «Sən həbsxanada doğulmusan» deyilsə də, buna baxmayaraq, həbsxana mühitində doğulan uşaqların bəziləri qarşılarına məqsəd qoyaraq öz yollarını müəyyənləşdirirlər. Belə uşaqlarda məqsəd və arzuların olması, hədəflərinə çatmaq istəyi bəzən daha sürətlə inkişaf edir. Bəzən deyirik ki, kimin əvvəli, kimin axırı necə olacaq, bunu zaman göstərər.

Belə hallarda, təbii ki, uşaqların sosiallaşma prosesində müəyyən problemlər yaranır. Onlar bəzən hər vəziyyəti olduğu kimi qəbul etməyə çalışırlar. Davranışlarına diqqət yetirdikdə isə görürük ki, davranış normalarının zəifləməsi, özünəinamın azalması və ətrafdakı insanların münasibətinin onların davranışlarına təsir göstərməsi nəticəsində uşaqlar sanki özlərini cəmiyyətdən təcrid etməyə başlayırlar. Ona görə də belə hallarda psixoloqların yanaşmasında ilk növbədə uşağın anasının törətdiyi cinayətə görə heç bir məsuliyyət daşımadığı nəzərə alınmalıdır. Uşağın cəmiyyətə adaptasiyası üçün mümkün olan bütün dəstək göstərilməlidir.

Çünki belə hallarla qarşılaşan uşaqların həyatında onsuz da silinməsi çətin olan bir damğa, yaddaşlarında iz buraxan sözlər və dərin ağrılar olur. Cəmiyyət olaraq onların qarşılaşdıqları maneələri aradan qaldırmaq üçün hər birimiz insanlıq mövqeyindən yanaşmalıyıq. Yalnız bu halda həmin çətinliklərin öhdəsindən gəlmək və həbsxanada doğulan uşaqların gələcək həyatlarını daha yaxşı istiqamətləndirmək üçün lazımi addımlar ata bilərik".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə