Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

5 noyabr 2026-cı il tarixində Bakı metrosunun “Nərimanov” stansiyasında Zəfər Gününün altıncı ildönümünə həsr olunan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” adlı fotosərginin açılışı olub.

SİA xəbər verir ki, fotosərgi Qarabağ Dirçəliş Fondu və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə keçirilib.

Fondun sifarişi əsasında tanınmış britaniyalı yazıçı Qrem Vilsonun qələmə aldığı eyniadlı kitabın materialları əsasında təşkil edilən sərgidə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əks etdirən fotolar nümayiş olunur.

Ekspozisiyada Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma tədbirləri, tarixi-mədəni irsin bərpası, eləcə də bölgənin zəngin təbiəti, nadir flora və faunası öz əksini tapıb.

“Nərimanov” stansiyasının hər iki keçidində yerləşdirilən fotosərgi paytaxt sakinlərinə və şəhərin qonaqlarına Qarabağda aparılan bərpa-quruculuq işləri və regionun bugünkü mənzərəsi ilə yaxından tanış olmaq imkanı yaradır.

Sərgidə nümayiş olunan fotoların üzərindəki QR kodları skan etməklə ziyarətçilər Qarabağ Dirçəliş Fondunun rəsmi internet səhifəsinə daxil olaraq bölgədə görülən işlər barədə ətraflı məlumat əldə edə, həmçinin dirçəliş prosesinə dəstək məqsədilə ianə edə bilərlər.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova bildirib ki, təşəbbüsün əsas məqsədi işğaldan azad edilmiş ərazilərin dirçəlişini geniş auditoriyaya çatdırmaq, Azərbaycanın bərpa və quruculuq təcrübəsini təbliğ etmək, həmçinin Qarabağın mədəni irsinə və təbiətinə ictimai marağı artırmaqdır.

Qeyd edək ki, bu, Qarabağ Dirçəliş Fondunun Bakı Metropoliteni ilə birgə həyata keçirdiyi ikinci sərgi layihəsidir. Daha əvvəl erməni vandalizmi nəticəsində Qarabağda dağıdılmış şəhər və kəndləri, eləcə də tarixi, mədəni və dini abidələri əks etdirən 90-a yaxın fotoşəkildən ibarət “Qarabağda Urbisid” fotosərgisi də “Nərimanov” stansiyasında uzun müddət nümayiş etdirilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə