Ev alarkən kvadratmetrə görə pul ödəyirik, bəs itirilən sahəyə də pul veririk? - EKSPERT DANIŞDI
"Qanunvericiliyin tələblərinə görə, mənzilin sahəsi hesablanarkən çöl divarların xarici, daxili divarların isə daxili ölçüləri əsas götürülür. Bu, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində öz əksini tapıb".
Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
.jpg)
Onun sözlərinə görə, həmin maddəyə əsasən, mənzilin sahəsi hesablanarkən alıcı ilə satıcı arasında aparılan hesablaşmalarda çöl divarların, daxili divarların və mənzilin daxilindəki havalandırma xətlərinin tutduğu sahə mənzilin ümumi sahəsinə daxil edilmir. Yəni daha sadə dillə desək, plintusun daxili hissəsinə qədər olan sahə faktiki olaraq hesablaşmaya daxil edilmir:
"Balkonun sahəsi isə onun quruluşundan asılı olaraq fərqli əmsallarla hesablanır. Əgər balkonun sağ və sol divarları varsa, 0,5 əmsalı, divarlarından biri yoxdursa, yəni çıxıntılı balkondursa və ya terrasdırsa, 0,3 əmsalı tətbiq edilir.
Beləliklə, vətəndaş tikinti şirkəti ilə, məsələn, 100 kvadratmetrlik mənzilin alqı-satqı müqaviləsini bağlayır. Lakin çıxarış alarkən, eyvanın və ya balkonun sahəsi çox böyük deyilsə, adətən mənzilin təxminən 80-85 kvadratmetrlik hissəsi çıxarışda göstərilir. Bu isə o deməkdir ki, təxminən 15-20 kvadratmetr sahə fərqi yaranır.
Həmin fərqin bir hissəsi mənzilin çöl və daxili divarlarının, eləcə də havalandırma xətlərinin tutduğu sahə ilə bağlıdır. Orta göstəricilərə əsasən, divarların və havalandırma xətlərinin sahəsi mənzilin ümumi sahəsinin təxminən 10-15 faizini təşkil edir. Qalan hissə isə balkonun sahəsinə tətbiq edilən əmsalla bağlıdır. Bu zaman 0,3 və ya 0,5 əmsalı əsas götürülməlidir.
Nəticə etibarilə, vətəndaş müqavilədə göstərilən sahə ilə çıxarışda qeyd olunan sahəni müqayisə etdikdə, ümumi sahədə təxminən 15-20 faiz fərq yarandığını görür. Bu fərq, sözsüz ki, mənzilin qiymətinə də təsir edir.
Lakin tikinti şirkətləri alqı-satqı müqaviləsi bağlayarkən bu məsələdən sui-istifadə edərək mənzilin sahəsini divarların xarici ölçüləri əsasında hesablayırlar. Bu, hazırda geniş yayılmış tendensiyadır.
Əslində, bu cür hallarla bağlı vətəndaşlar bu gün məhkəmələrdə iddialarını təmin etdirə bilirlər. Çünki qanun birbaşa olaraq onların hüquqlarını qoruyur. Təəssüf ki, tikinti şirkətləri bundan sui-istifadə etməyə davam edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB