"Romada keçirilən konfransda Prezidentin çıxışına böyük maraq göstərildi" - ŞƏRH

"Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Dövlət başçısı dünənki video bağlantıda çox aktual məsələlərə toxundu. Birincisi, Azərbaycanın artıq 9 aydır sülh şəraitində yaşaması vacib bir məsələdir. Bu özü göstərir ki, beynəlxalq hüquq əsas götürülməklə, ölkələrin ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla bir çox problemləri həll etmək mümkündür".

Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan bu gün sülhə çox yaxındırlar:

"Artıq hüquqi sülhə nail olunması üçün ciddi zəmin formalaşıb. Bir çox praktik addımlar atılıb və bundan sonra da onlar davam etdiriləcək. Ermənistan Baş nazirinin gələn il Bakıda keçiriləcək Avropa Siyasi Birliyi toplantısında iştirak etmək istəyi göstərir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi çox ciddi şəkildə nəzərdən keçirilir. Cənab Prezidentimizin bəzi Avropa qurumlarının Azərbaycanla bağlı ədalətsiz mövqe tutması məsələsinə toxunması da tamamilə düzgündür. Avropa Şurası Parlament Assambleyasının səlahiyyətlərindən kənara çıxaraq Azərbaycan nümayəndə heyəti ilə bağlı düzgün olmayan qərar qəbul etməsi, əlbəttə ki, Azərbaycanın AŞPA ilə münasibətlərini dondurmasına səbəb olmuşdur.

Avropa Parlamenti isə Azərbaycanla bağlı son dövrlərdə bir-birinin ardınca çoxsaylı qətnamələr qəbul etməklə öz qərəzli mövqeyini nümayiş etdirmişdir. Azərbaycanda gedən demokratik dəyişiklikləri qiymətləndirmək və Azərbaycan-Ermənistan sülh prosesinə dəstək vermək əvəzinə, bir qayda olaraq Azərbaycan layiq olmadığı məsələlər üzrə ittiham edilir. Azərbaycanın daxili işlərinə qarışılır və əlbəttə ki, bu da Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin kəsilməsinə səbəb olmuşdur.

Ümumilikdə götürdükdə, Romada keçirilən konfransda cənab Prezidentin çıxışına böyük maraq göstərildi və konfransdan sonra İtaliya rəhbərliyinin Azərbaycana səfəri Avropanın bir çox ölkələrinin Azərbaycanla münasibətlərə yüksək qiymət verdiyinin göstəricisi oldu".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə