"Türk Dövlətləri Təşkilatı strateji əməkdaşlığı gücləndirir" - MÜNASİBƏT BİLDİRİLDİ
Oktyabrın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının tarixində əlamətdar və mühüm bir mərhələ kimi yadda qalacaq. Qardaş ölkələrin liderlərinin bir araya gəldiyi bu mötəbər toplantı yalnız cari dövrün siyasi prosesləri baxımından deyil, həm də türk xalqlarının gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Zirvə Görüşü həm diplomatik və geosiyasi, həm də mədəni, iqtisadi və humanitar baxımdan mühüm əhəmiyyətə malikdir: “Toplantıda aparılan müzakirələr türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı etimadın və birliyin möhkəmlənməsinə xidmət edəcək. Bu görüş həmçinin göstərdi ki, türk dövlətləri təkcə ortaq tarix və mədəni irs üzərində deyil, ortaq məqsədlər və gələcəyə yönəlmiş birgə vizyon əsasında birləşirlər. Müstəqil, güclü və inkişaf edən türk ölkələrinin bir araya gəlməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması baxımından da mühüm amildir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ortaq tarix, dil, din və mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir. Bu birliyin gücü yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi müstəvidə özünü göstərir. Türk Dövlətləri Təşkilatı bu dəyərlər üzərində formalaşaraq, müasir dövrün tələblərinə uyğun yeni əməkdaşlıq formatları yaradır. Elm, təhsil, gənclər siyasəti, mədəniyyət və informasiya sahələrində görülən işlər türk xalqları arasında daha sıx əlaqələrin qurulmasına şərait yaradır”.
Parlamentari qeyd edib ki, Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bir sıra vacib məsələlərə toxunaraq, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətləri üçün konkret və praqmatik təkliflər irəli sürdü: “Dövlətimizin başçısının çıxışı təkcə strateji baxışın ifadəsi deyil, həm də türk birliyinin real mexanizmlərlə gücləndirilməsi istiqamətində yol xəritəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev təklif etdi ki, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, dövlətimizin başçısının bu təklifi türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması, regional sabitliyin möhkəmləndirilməsi və ortaq maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada sabitlik və təhlükəsizliyin təminatçısı olan strateji güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Dövlət başçısının bu xüsusi əhəmiyyətli təklifi həm də bir daha sübut edir ki, Azərbaycan regionda sülh, təhlükəsizlik və inkişafın təmin olunması üçün konkret təşəbbüslər irəli sürür”.
“Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı yalnız keçmişin dəyərlərinə söykənmir, həm də gələcəyin siyasi və iqtisadi reallıqlarına cavab verən modern platformadır. Bu toplantı türk xalqlarının ortaq məqsədlər uğrunda birləşmək iradəsini, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətlərin davamlılığını növbəti dəfə təsdiqlədi”, - S.Salmanova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə