"Türk dünyası birliyə doğru inamla irəliləyir" - ŞƏRH EDİLDİ

"Azərbaycanla Türkiyə arasındakı əlaqələr durmadan yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə, ortaq ənənələrə və milli dəyərlərə əsaslanır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səyləri nəticəsində bu əlaqələr hər keçən gün daha da dərinləşir: "Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün dünya ölkələri üçün nümunə ola biləcək səviyyədədir. Hazırda dünyada elə bir ölkə yoxdur ki, Türkiyə və Azərbaycan qədər yaxın və qardaş münasibətlərə malik olsun. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və hərbi sahələri əhatə edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində də bu ortaq əlaqələr daha da möhkəmlənir. Azərbaycanla Türkiyənin birgə təşəbbüsləri nəticəsində Türk Dövlətləri Təşkilatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrlərdə keçirilən zirvə toplantıları, xüsusilə də bu gün Qəbələdə baş tutan zirvə, bu istiqamətdə atılan mühüm addımlardan biridir. Sevindirici haldır ki, Azərbaycan, Türkiyə və digər türk dövlətləri arasında əməkdaşlıq getdikcə genişlənir. Bu, Türk birliyinin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.

Qardaş ölkələr arasında mövcud olan səmimi münasibətlər, xüsusilə də siyasi və iqtisadi əlaqələrin dərinləşməsi, bu əməkdaşlığın daha da güclənməsinə zəmin yaradır. Dünyada baş verən geosiyasi dəyişikliklər, qarşıdurmalar və qlobal münaqişələr fonunda Türk dövlətlərinin bir təşkilat ətrafında birləşməsi və ortaq təhlükəsizlik məsələlərinə vahid yanaşma sərgiləməsi xüsusi önəm kəsb edir. Bütün bu uğurlar, təbii ki, Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatının inkişafına verdiyi töhfələr nəticəsində mümkün olmuşdur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə