"Dövlət idarəçiliyində elm, bilik, savad və dərin təcrübə mütləqdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"1993-cü ilin 4 iyununda, həm də 1994-cü ilin 3-4 oktyabr hadisələrində Sürət Hüseynovun rəhbərlik etdiyi dəstələr hakimiyyətə tabe olmayaraq qiyam qaldırmışdılar. Məhz 1993-cü ildə hakimiyyət səriştəsizlik göstərmişdi, vahid komandanlıq yox idi, silahlı birləşmələr ayrı-ayrı dəstələrin nəzarətində idi. Daha sonra ölkə rəhbərliyi qətiyyətli addımlar atmadı, ilkin dövrdə xalqa müraciət olunmadı, Gəncəyə gedib yerindəcə problem həll edilmədi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bir çox səhvlər buraxıldı. Bu səhvlər də təcrübəsizlikdən irəli gəlirdi. Dövlət və xalq inanmışdı ki, onlar dövlət quruculuğu ilə məşğul olacaqlar, səhvlərdən nəticə çıxarılacaq: "Amma həm xarici siyasətdə böyük yanlışlıqlara yol verilmişdi və dünya reallıqları düzgün qiymətləndirilməmişdi, həm də daxildə böyük səhvlərə yol verilmişdi. Təcrübəsi olmayan bir çox şəxslər dövlət vəzifələrinə təyin edilmişdi ki, onlar da bu cür ağır proseslərin öhdəsindən gələ bilməzdilər. Lakin dərin zəkalı lider Heydər Əliyev bir dəfəlik Azərbaycanda hərbi çevrilişlərlə, qiyam yolu ilə hakimiyyət dəyişməsinə son qoydu. 1994-cü ilin 3-4 oktyabrında yenidən Sürət Hüseynovun qüvvələri qiyama cəhdi etdilər. Hətta o zaman baş nazir idi, geniş səlahiyyətləri var idi".

Hərbi ekspert sözlərinə davam edərək bildirib ki, Ulu Öndər xalqa müraciət edərək xalqı səfərbər etdi və bu qiyamın qarşısını aldı: "Xalq Prezidentin çağırışı ilə küçələrə axışdı, daha sonra Azadlıq meydanına bir milyondan artıq insan yığılaraq Sürət Hüseynovun bu addımlarını qınadı. Milli Məclis onu baş nazir vəzifəsindən azad etdi, milli qəhrəman adını da əlindən aldı. Bu keçmiş dövr onu göstərir ki, hər zaman dövlət işində təcrübəli olmaq lazımdır. Dövlətin maraqları üçün qətiyyətli və cəsarətli addımlar atmaq lazımdır. Əgər xalq hakimiyyəti dəstəkləyərsə, xalq hakimiyyətin çağırışına cavab verərsə, dövlətin qorunması mümkündür. Bu, xalqın iradəsindən asılıdır. Hansısa xarici qüvvənin dəstəyi deyil, xalqın mövqeyi əsas rol oynayır. İkincisi isə dövlət idarəçiliyində elm, bilik, savad və dərin təcrübə mütləqdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə