"Gürcüstanın müstəqilliyinin möhkəmləndirilməsi uğrunda mübarizə heç vaxt başa çatmayacaq"

Gürcüstanın sovetləşməsindən düz 70 il sonra bütün ölkə açıq və qəti şəkildə dövlət müstəqilliyini, suverenliyini və öz taleyini özü təyin etmək arzusunu ifadə etdi. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili respublikada 1991-ci il 31 mart tarixində keçirilmiş müstəqillik referendumu ilə bağlı sosial şəbəkədə paylaşımında qeyd edib.

O vurğulayıb ki, artıq 34 ildir ki, Gürcüstan bu yolla irəliləyir və çoxsaylı çətinliklərin öhdəsindən gəlməklə öz müstəqilliyini möhkəmləndirməyə çalışır:

“Bu mübarizə hələ başa çatmayıb və heç vaxt da başa çatmayacaq,” – deyə o qeyd edib.

Parlament sədri vurğulayıb ki, Gürcüstanın hər bir vətəndaşı dövlətinə sahib çıxmalı, onun müstəqilliyini və gücünü qorumağı öz vəzifəsi bilməlidir.

“31martda gürcü xalqı Sovet İttifaqına, onun təsirinə və diktəsinə yox dedi. Xalqımız nə yeni ağaya, nə də daha yaxşı köləliyə səs verdi – o, hamıdan müstəqil olmağa və öz kimliyini qorumağa üstünlük verdi,” – Papuaşvili bildirib.

Spiker qeyd edib ki, Gürcüstan 70 il sovet imperiyasında yaşadığından və bu mentalitetdə iz qoyub:

“Bunun nəticəsidir ki, bu gün yad bayraqları yelləyən bəzi insanlar hələ də özlərinə yeni ağalar, himayədarlar, hamilər axtarırlar. Onlar elə bilirlər ki, kimsə onları qoruyacaq, yedirəcək və isidəcək. Amma bizə yeni köləlik lazım deyil. Biz böyüməliyik və biz artıq böyümüşük”.

Bütün xəbərlər Facebook səhifəmizdə