"Hal-hazırda birbaşa görüşün keçirilməsi planlaşdırılmır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Məlum olduğu kimi bu gün Trampla Putin arasında telefon danışığı gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, hal-hazırda birbaşa görüşün keçirilməsi planlaşdırılmır: "Bu da təbiidir. Çünki ölkə liderlərinin birbaşa görüşü əsasən hansısa nəticələr əldə olunandan sonra gerçəkləşir. ABŞ və Rusiya hal-hazırda aktiv dialoq halındadır. Trampın xüsusi nümayəndəsi bir neçə gün əvvəl Putinlə 3 saat sürən danışıqlar aparıb və təbii ki, bu danışıqlarda da həm ABŞ-ın gözləntiləri Putinin diqqətinə çatdırılıb, həm də Rusiya tərəfinin mövqeyi öyrənilib.
İndi isə telefon danışığında atəşkəslə bağlı məsələ və Rusiyanın bundan imtinası halında nələrin baş verə biləcəyi Putinin diqqətinə çatdırılacaq. Rusiyanın atəşkəslə bağlı mövqeyi və irəli sürdüyü şərtlər həddən artıq maksimalist şərtlərdir və bu şərtlərin qəbul edilə biləcək səviyyəyə gəlməsi üçün Putinə hansısa təzyiqlər göstərilməlidir.
Düşünürəm ki, telefon danışığında ərazi məsələləri də müzakirə predmetinə çevriləcək. Tramp bir müddət əvvəl Rusiyanın hansı ərazilərdən geri çəkilə biləcəyi ilə bağlı danışıqlar aparacağını demişdi.
Bu telefon danışığı və ümumiyyətlə ABŞ və Rusiya arasında bu əlaqənin gərginlik, yoxsa yeni anlaşmalar gətirəcəyi indi daha çox Putinin mövqeyindən və Trampın nə qədər qətiyyətli olacağından asılıdır".
"Düşünürəm ki, telefon danışığında Tramp Rusiyanın atəşkəsə razı olmayacağı halda ABŞ-ın hansı tədbirlərə əl ata biləcəyi ilə bağlı xəbərdarlıq edəcək. Bu xəbərdarlıqlara Ukraynaya hərbi və maliyyə yardımının artırılması, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi, uzaqmənzilli ballistik raketlərin Ukraynaya tədarükü və hətta Ukrayna ərazisinə qoşun yerləşdirmə ehtimalı da daxil ola bilər. Başqa sözlə desək əgər Trampı, həqiqətən də, yalnız Ukraynanın təbii sərvətləri deyil, həm də müharibənin dayandırılması maraqlandırırsa o Ukraynaya etdiyi kimi Rusiyaya da təzyiq etməlidir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə