"Ağdam şəhəri plana görə ölkəmizin dördüncü iri şəhəri olmalıdır. Bu da öz növbəsində o şəhərin əhəmiyyətindən həm indiki şəraitdə, həm də gələcəkdə əhəmiyyətindən xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Ağdam şəhəri əzəldən Azərbaycanın ən əzəmətli şəhərlərindən biri idi: "İqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən biri idi. Eyni zamanda Ağdam şəhəri həmişə Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri sayılırdı. Bizim çox zəngin mədəniyyətimiz var. Mədəni obyektlərin ən çox yerləşdiyi şəhərlərdən biri də məhz Ağdam sayılırdı. Təəssüflər olsun ki, işğal dövründə Ağdamın bütün infrastrukturu, o cümlədən mədəni infrastrukturu tamamilə dağıdılmışdı. İnsanlar didərgin olmuşdu. İndi isə əsas məsələlərdən biri şəhərin təkcə iqtisadi potensialının dirçəldilməsindən ibarət deyil, eyni zamanda şəhərin mədəni potensialından, onun mədəni əhəmiyyətinin artırılmasından gedir. Hal-hazırda da bununla bağlı konkret əməli işlər aparılır. Ağdam Muğam mərkəzi nəinki ölkəmizin iri muğam mərkəzlərindən biri olacaq, bəlkə də, dünya miqyasında olacaq. Biz bilirik ki, muğam həm Azərbaycanda, həm də bəzi qonşu ölkələrdə də yayılıb. Amma belə iri Muğam mərkəzi hansı ki, indi Ağdamda tikilib, heç yerdə yoxdur. Düşünmək olar ki, bu mərkəz istifadəyə veriləndən sonra Ağdam "Muğam paytaxtı" statusunu qazanacaq.
Ağdam eyni zamanda geniş turistik potensiala malik olan şəhərdir. Çünki Ağdamda hal-hazırda mədəni obyektlərlə yanaşı turist obyektləri də tikilir. Ağdamda hal-hazırda otellər tikilməkdədir. Bu, əhəmiyyətli dərəcədə şəhərin, regionun turistik potensialının artmasına gətirib çıxaracaq.
Biz bilirik ki, Ağdam həm də çox vacib nəqliyyat qovşağı olmuşdur. İndi də onun statusu bərpa olunmaqdadır. Şəhərdə həm şəhərdaxili, həm kənarda yol-nəqliyyat infrastrukturu qurulur. Ağdam Qarabağın müxtəlif regionlarını birləşdirir. Ağdamdan yol birbaşa Xankəndiyə gedir, Füzuliyə yol tikilir. Ağdam-Bərdə yolu modernləşdirilir. Bu da ondan xəbər verir ki, yaxın gələcəkdə Ağdam ölkəmizin inkişaf mərkəzlərindən birinə çevriləcək.
Azərbaycan Prezidentinin Ağdama səfəri bir daha onu göstərir ki, Azərbaycan dövləti bu quruculuq işlərinə çox böyük əhəmiyyət verir. Düşünmək olar ki, artıq üzümüzə gələn ən yaxın vaxtlarda Ağdamın sakinləri şəhərə qayıdacaqlar. Onun qədim ənənələrini bərpa edərək davam etdirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə